...

Azərbaycanda antik dövrə aid yaşayış yeri aşkarlanıb

Cəmiyyət Materials 5 Oktyabr 2011 10:39 (UTC +04:00)
Azərbaycanın Salyan rayonunun Çuxanlı kəndi ərazisində Ələt-Astara magistral yolunun çəkilişi ilə əlaqədar Babazanlı karxanasından torpaq daşınarkən qədim yaşayış yerinin izlərinə rast gəlinib.
Azərbaycanda antik dövrə aid yaşayış yeri aşkarlanıb

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın Salyan rayonunun Çuxanlı kəndi ərazisində Ələt-Astara magistral yolunun çəkilişi ilə əlaqədar Babazanlı karxanasından torpaq daşınarkən qədim yaşayış yerinin izlərinə rast gəlinib. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Arif Məmmədov məlumat verib.

Onun sözlərinə görə, artıq həmin ərazidə arxeoloji kəşfiyyat və qazıntı işlərinə başlanılıb. İlkin müşahidələr ərazidə antik və ilk orta əsrlər dövrünə aid olan yaşayış yeri, qəbiristanlıqların olduğunu göstərir. Ərazidə I-III əsrlərə aid bir necə küp qəbir olsa da, onların çoxu torpaq daşınarkən dağıdılıb.

Hazırda ərazidə tədqiqatların davam etdiyini deyən Məmmədov Salyan rayonunun ərazisində antik dövrə aid yaşayış yerinin olmasını təbii sayıb.

"Çünki antik dövr müəllifi olan Strabon da öz məlumatında gəmiçiliyə yararlı olduğu üçün Kür çayı boyunca iri yaşayış məntəqələrinin salınmasını qeyd edib. Salyan toponiminin adından da göründüyü kimi, bu ərazi gəmilərin yan aldığı və yüklərin boşaldığı ərazidir. Ərazi həm də Dərbənddən Ərdəbilə doğru istənilən ticarət karvan yolunun üzərində yerləşir. Bu da onun əhəmiyyətini daha da artırıb", - Məmmədov əlavə edib.

Xəbər lenti

Xəbər lenti