...

Fərhad Abdullayev: Boşanmalar zamanı yaranan mübahisələrin əksəriyyəti yaşayış sahəsindən istifadə hüququ ilə bağlıdır

Cəmiyyət Materials 5 Oktyabr 2011 12:06 (UTC +04:00)
Boşanmalar zamanı tərəflər arasında yaranan mübahisələrin əksəriyyəti əmlak mübahisələri, yaşayış sahəsindən istifadə hüququ ilə bağlıdır.
Fərhad Abdullayev: Boşanmalar zamanı yaranan mübahisələrin əksəriyyəti yaşayış sahəsindən istifadə hüququ ilə bağlıdır

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Boşanmalar zamanı tərəflər arasında yaranan mübahisələrin əksəriyyəti əmlak mübahisələri, yaşayış sahəsindən istifadə hüququ ilə bağlıdır.

Konstitusiya Məhkəməsinin (KM) sədri Fərhad Abdullayev çərşənbə günü Trend-ə bildirib ki, KM-ə daxil olan şikayətlərin əksəriyyəti bu mübahisələrlə bağlıdır.

Abdullayev qeyd edib ki, belə şikayətlərdən bir neçəsi KM-in icraatına qəbul edilib və müvafiq qərarlar çıxarılıb.

Onun sözlərinə görə, bu qərarların əksəriyyəti yaşayış sahəsindən istifadə hüququnun tanınması ilə bağlı olub.

Sədr bildirib ki, qeyd olunan məsələni araşdırarkən Konstitusiya Məhkəməsi müəyyən edib ki, belə mübahisələrin yaranması məhkəmə səhvləri ilə yanaşı, qanunvericilikdə müəyyən kolliziyaların və boşluqların olması nəticəsində baş verirdi. Bir sıra qərarlarında Konstitusiya Məhkəməsi bu münasibətləri tənzimləyən normalara şərh verib, eləcə də konstitusiya şikayətləri üzrə qəbul etdiyi qərarlarda sözügedən normalarla bağlı hüquqi mövqeyini formalaşdırıb.

"Konstitusiya Məhkəməsinin 2007-ci ildə qəbul etdiyi bir qərarında qeyd olunur ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır", - məhkəmə sədri vurğulayıb.

Abdullayevin sözlərinə görə, bəzi hallarda məhz Konstitusiya Məhkəməsinin səyi nəticəsində ölkə məhkəmələrində bu məsələ ilə bağlı yaranmış problemlər həllini tapıb.

Xəbər lenti

Xəbər lenti