...

Rumıniyada Azərbaycana dair simpozium keçirilib

Cəmiyyət Materials 6 Oktyabr 2011 13:55 (UTC +04:00)
Rumıniyada "Azərbaycan: tarix, coğrafiya, iqtisadiyyat və mədəniyyət" mövzusunda simpozium keçirilib. Bu barədə cümə axşamı Trend-ə Azərbaycanın Rumıniyadakı səfirliyindən məlumat verilib.
Rumıniyada Azərbaycana dair simpozium keçirilib

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir T.Hacıyev/

Rumıniyada "Azərbaycan: tarix, coğrafiya, iqtisadiyyat və mədəniyyət" mövzusunda simpozium keçirilib. Bu barədə cümə axşamı Trend-ə Azərbaycanın Rumıniyadakı səfirliyindən məlumat verilib.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar səfirliyin tədbirlər planına uyğun olaraq, Rumıniya Müsəlman Tatar Türklərinin Demokratik Birliyi (RMTTDB) ilə birgə Konstansa şəhərində keçirilən tədbirdə giriş sözü ilə çıxış edən RMTTDB-nin sədri Amet Varol Azərbaycanın Rumıniya və burada yaşayan türk və tatar azlığı üçün dost və qardaş ölkə olduğunu qeyd edib, Azərbaycan dövlətinin və səfirliyin indiyə qədər Rumıniyadakı türk və tatar icmalarının dil və mədəniyyətlərinin inkişaf etdirmək üçün yardımlarını əsirgəmədiyini iştirakçıların nəzərinə çatdırıb. Buna misal olaraq, o, Azərbaycan dövlətinin Krım tatar mənşəli böyük türkoloq, dilçi professor Bəkir Çobanzadənin xatirəsinin Rumıniyada əbədiləşdirilməsi üçün gördüyü işləri, Rumıniya türk və tatar icmalarının həyatında əlamətdar hadisə olan və hər il keçirilən ənənəvi Türk-Tatar Xalq Geyim, Rəqs və Mahnı Festivalının davam etməsinə verdiyi maddi və mənəvi dəstəyi qeyd edib, bunun üçün Azərbaycan xalqına və dövlətinə təmsil etdiyi icma adından dərin təşəkkürünü bildirib.

Daha sonra Rumıniya parlamentinin tatar milli azlığından seçilmiş deputatı Ələddin Əhməd, Türkiyənin Konstansa Baş Konsulluğunun vitse-konsulu Şəbnəm Atasoy, Mustafa Kamal Atatürk adına Məcidiyyə Kollecinin müəllimləri və başqaları çıxış edərək Azərbaycanın zəngin tarixi irsi və mədəniyyəti haqqında danışmış, Rumıniya-Azərbaycan, Türkiyə-Azərbaycan ikitərəfli və çoxtərəfli əməkdaşlığından bəhs ediblər.

Simpoziumun işində iştirak edən məruzəçilər Azərbaycanın coğrafiyası, tarixi və Azərbaycan Respublikasının ictimai-siyasi həyatı, Ermənistanın Azərbaycana təcavüzü, eləcə də ölkəmizin əldə etdiyi uğurlar, Rumıniya-Azərbaycan strateji münasibətləri, Azərbaycan iqtisadiyyatının strukturu və onun xarici iqtisadi əlaqələri, o cümlədən Rumıniya və Azərbaycan arasında ortaq layihələr, Azərbaycan-Gürcüstan-Rumıniya Mayeləşdirilmiş Qaz Əlaqələndiricisi layihəsi (AGRİ), Azərbaycan mədəniyyəti və onun keçdiyi yol haqqında məruzə ilə çıxış ediblər.

Tədbir iştirakçılarına Azərbaycan haqqında əyani vəsaitlər və səfirliyin dəstəyi ilə rumın dilinə tərcümə olunmuş Azərbaycan ədəbiyyatı nümunələri paylanılıb.

Xəbər lenti

Xəbər lenti