...

Azərbaycanda İslam Partiyasının həbsdə olan üzvlərinə 65 ildən artıq cəza verilib

Cəmiyyət Materials 7 Oktyabr 2011 16:35 (UTC +04:00)
Bu gün İslam Partiyasının sədri və üzvlərinə hökm oxunub.
Azərbaycanda İslam Partiyasının həbsdə olan üzvlərinə 65 ildən artıq cəza verilib

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bu gün İslam Partiyasının sədri və üzvlərinə hökm oxunub.

Bakı Ağır Cinayətlər Məhkəməsindən cümə günü Trend-ə verilən məlumata görə, məhkəmənin hökmü ilə partiya sədri Mövsüm Səmədov 12, partiyanın Astara rayon şöbəsinin sədri Rufulla Axundov 11 il 6 ay, partiya sədrinin müavini Vaqif Abdullayev və Fəramiz Abbasovun hər birinə 11 il, Səmədovun əmisi oğlu Dəyanət Səmədov və partiya üzvü Firdovsi Məmmədrzayevin hər birinə 10 il azadlıqdan məhrumetmə cəzası verilib.

Partiya üzvü Zülfüqar Mikayılova 5 il sınaq müddətinə 11 il şərti cəza verilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri üzrə ittiham elan olunub.

Partiyanın sədri Mövsüm Səmədov barəsində bu il yanvarın 20-də Nəsimi rayon məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti