Azərbaycan Mühəndislik Akademiyasının (AMA) illik hesabat-seçki yığıncağı keçirilib.
Trend-in AzərTAc Dövlət İnformasiya Agentliyinə istinadə verdiyi məlumata görə, yığıncağın gündəliyinə Mühəndislik Akademiyasının hesabat məruzəsinin müzakirə olunması, nəzarət-təftiş komissiyasının hesabatı, qurumun rəhbərliyinin, büro üzvlərinin və nəzarət-təftiş komissiyasının yeni tərkibinin seçilməsi daxil edilib.
Hesabat məruzəsində son beş ildə AMA-da elm, texnika və innovasiya fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində işlərin geniş təhlili öz əksini tapıb. Həmçinin ali məktəblərlə, təşkilat və müəssisələrlə bağlanmış müqavilələr çərçivəsində əməkdaşlığın səmərəliliyini artırmaq istiqamətində konkret tədbirlərin hazırlanması tövsiyə olunub.
Ümumi yığıncaqda gizli səsvermə ilə akademiyanın yeni rəhbərliyi seçilib.
Akademik Arif Mir Cəlal oğlu Paşayev Azərbaycan Mühəndislik Akademiyasının prezidenti seçilib. Havar Məmmədov vitse-prezident, Əhəd Canəhmədov vitse-prezident - baş elmi katib, Natiq Cavadov isə nəzarət-təftiş komissiyasının sədri seçiliblər.