...

Azərbaycanda Uşaq hüquqları aylığı keçiriləcək

Cəmiyyət Materials 8 Oktyabr 2011 12:31 (UTC +04:00)
Azərbaycanda oktyabrın 15-dən Uşaq hüquqları aylığı başlayacaq.
Azərbaycanda Uşaq hüquqları aylığı keçiriləcək

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda oktyabrın 15-dən Uşaq hüquqları aylığı başlayacaq.

Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı İdarə Heyətinin sədri Nazir Quliyev şənbə günü Trend-ə bildirib ki, ombudsman Elmira Süleymanovanın təşəbbüsü ilə keçirilən və ənənəyə çevrilən bu tədbir noyabrın 20-dək davam edəcək.

Onun sözlərinə görə, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ərəfəsində başlayan aylığın keçirilməsində məqsəd cəmiyyətin, medianın və beynəlxalq, yerli təşkilatların, biznes qrumlarının diqqətini uşaq problemlərinə yönəltmək, Uşaq hüquqları ilə bağlı Konvensiyanın təbliğ olunması, BMT-nin Uşaq Hüquqları Komitəsinin hökumətə verdiyi tövsiyələrin icrasını sürətləndirməkdir.

Aylıq çərçivəsində gənc və yaşlı rəssamların iştirakı ilə uşaq problemlərini əks etdirən rəsm çəkmək kampaniyasının, Uşaq Simfonik Orkestrinin konsertinin keçirilməsi nəzərdə tutulub.

Aylığa Filarmoniyada təşkil ediləcək "Heç bir uşağı diqqətdən qaçırmayaq" devizi ilə keçiriləcək tədbirlə yekun vurulacaq. Tədbirdə uşaq problemləri ilə məşğul olan ən yaxşı KİV, QHT, beynəlxalq təşkilat, dövlət orqanı müəyyənləşdirilərək mükafatlandırılacaq.

Xəbər lenti

Xəbər lenti