Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir İ.İsabalayeva/
"Eurovision" mahnı müsabiqəsinin Azərbaycan üzrə təşkilatçı yayımçısı İctimai Televiziya və Radio Yayımları Şikrəti (İTV) 2012-ci ildə bu müsabiqədə ölkəmizin təmsilçisini müəyyən etmək üçün milli seçim turuna start verir.
İTV-nin rəsmi saytının cümə axşamı yaydığı məlumata görə, müsabiqə tam olaraq "Eurovision" mahnı müsabiqəsinin qaydalarına və tələblərinə uyğun aparılacaq. Seçim turunda şəffaflığı və obyektivliyi təmin etmək, ictimaiyyətin rəyini öyrənmək məqsədilə peşəkar münsiflər heyəti ilə yanaşı, tamaşaçıların rəyi eyni dərəcədə nəzərə alınacaq.
Yaşı 16-dan yuxarı olan, öz istedadına və peşəkarlığına güvənənlər müsabiqəyə dəvət edilir. Müsabiqə iştirakçıları gözəl səsi, rəqsetmə bacarığı və səhnə mədəniyyəti ilə fərqlənməlidirlər.
İştirak etmək istəyənlər oktyabrın 15-dən 25-dək İTV-yə (ünvan: Şərifzadə küçəsi, 241) müraciət edə bilərlər.
Hər bir iştirakçı 3 ədəd müxtəlif rakursdan çəkilmiş şəkil, şəxsiyyət vəsiqəsinin surətini və xüsusi anketi təqdim etməlidir.
57-ci "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyini Azərbaycan edəcək. Müsabiqənin yarımfinal mərhələləri 2012-ci il mayın 22-də və 24-də, finalı isə 26-da keçiriləcək.
Azərbaycanda "Eurovision" mahnı müsabiqəsinin milli seçim turu başlayır
"Eurovision" mahnı müsabiqəsinin Azərbaycan üzrə təşkilatçı yayımçısı İctimai Televiziya və Radio Yayımları Şikrəti (İTV) 2012-ci ildə bu müsabiqədə ölkəmizin təmsilçisini müəyyən etmək üçün milli seçim turuna start verir.