...

Azərbaycanda kitabxanaların ştat vahidləri təsdiqlənib

Cəmiyyət Materials 13 Oktyabr 2011 12:55 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti "Azərbaycan Respublikasının şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərinin, müstəqil kitabxanaların, şəhər, qəsəbə və kənd kitabxana filiallarının, habelə şəhər, qəsəbə kütləvi, uşaq və gənclər kitabxanalarının nümunəvi strukturu və ştat vahidləri"ni təsdiqləyib.
Azərbaycanda kitabxanaların ştat vahidləri təsdiqlənib

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Nazirlər Kabineti "Azərbaycan Respublikasının şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərinin, müstəqil kitabxanaların, şəhər, qəsəbə və kənd kitabxana filiallarının, habelə şəhər, qəsəbə kütləvi, uşaq və gənclər kitabxanalarının nümunəvi strukturu və ştat vahidləri"ni təsdiqləyib.

Nazirlər Kabinetindən cümə axşamı Trend-ə verilən məlumata görə, kitabxana müəssisələrində yaradılacaq yeni şöbə və ştatlar kitabxana-informasiya sahəsində aparılan islahatlar və struktur təkmilləşdirilməsi nəticəsində sərbəstləşən ştat vahidləri hesabına həyata keçiriləcək.

Qərara görə, oxucularının sayı 60 min nəfərdən, illik kitab verilişinin miqdarı 1 milyon nüsxədən artıq olan MKS-lərin ştatları fərdi qaydada Maliyyə Nazirliyi ilə razılaşdırılaraq Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq olunur.

Qərarda göstərilir ki, ildə oxucuların sayı 15-20 min nəfərədək (o cümlədən, virtual istifadəçilər), kitab verilişi (elektron xidmət) 200 min nüsxəyədək olan kitabxanaların ştat vahidi 5, ildə oxucuların sayı 20-30 min nəfərədək (o cümlədən, virtual istifadəçilər), kitab verilişi (elektron xidmət) 200-400 min nüsxəyədək, ildə oxucuların sayı 30-45 min nəfərədək (o cümlədən, virtual istifadəçilər), kitab verilişi (elektron xidmət) 400-550 min nüsxəyədək olan və ildə oxucuların sayı 450 min nəfərdən çox (o cümlədən, virtual istifadəçilər), kitab verilişi (elektron xidmət) 550 min nüsxədən olan kitabxanaların hər birinin ştat vahidi 6 olmalıdır.

Şəhər (rayon) MKS-nin mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsində il ərzində oxucuların sayı (o cümlədən, virtual istifadə-çilər) 3 min nəfərdən və kitab verilişinin miqdarı 40 min nüsxədən (o cümlədən, virtual xidmət) artıq olduqda, nümunəvi ştatlarda nəzərdə tutulandan əlavə, baş kitabxanaçı (biblioqraf), multimedia mütəxəssisi, informasiya texnologiyaları üzrə mütəxəssis ştatları ayrıla bilər. Bu zaman hər əlavə 500 nəfər oxucu və 10 min nüsxə kitab verilişi üçün 1 ştat vahidi verilir.

Metodika və biblioqrafiya şöbələrində nümunəvi ştatlarda nəzərdə tutulandan əlavə böyük metodist, kitabxanaçı (informasiya texnologiyaları üzrə mütəxəssis) ştatları da ayrıla bilər. Bu zaman şöbə işçilərinin ümumi sayı hər bir işçiyə MKS-nin metodik kömək göstərən 25 kitabxana filialı hesabı ilə müəyyən olunur.

Xəbər lenti

Xəbər lenti