...

Qısalan dilim

Cəmiyyət Materials 19 Oktyabr 2011 12:52 (UTC +04:00)
Qısalan dilim
Qısalan dilim

Səmayə Məmmədova

İndiyə kimi yadımdadı, xarici ölkələrdən birinə səfər edərkən, öncə Türkiyəyə, oradan da "son ünvanıma", daha doğrusu dayanacağıma gedirdim. Hava limanında bir türklə qəhvə içə-içə söhbət etdik. Onların ailə, məişət qayğılarından danışdıq. Mən özümdən müştəbeh şəkildə belə dedim: "Sizi başa düşmürəm. Həyat tərzinizi, ailə münasibətlərinizi nəinki başa düşmürəm, heç qəbul da etmirəm" . Dedi: "Niyə?" Dedim: "Necə yəni?. Biz uşaqlıqdan başqa cür görmüşük. Biz görmüşük ki, ailənin sirri ailədə qalar. Evdə söz də olar, söhbət də. Amma bunu heç kim bilməz. Nə də ki, müdaxilə etməz. Necə deyərlər, evin sirri evdə qalar. Sizdə isə qadınlar verilişə çıxır, 1-ci saatda həyat yoldaşının onu döyməsindən, qaynanasının əziyyət verib, ailə işlərinə müdaxilə etməsindən danışıb, o ki var ağlayırlar. 2-ci saatda isə qonaq müğənninin mahnılarının sədaları altında çıtma çalıb rəqs edir, hələ bir göbək rəqsi də oynamaqdan çəkinmirlər. Budur sizin ailə dəyərləriniz?".
Amma səmimi olsam, indi bu cür danışa bilmərəm. Axı danışmağa sözüm yoxdur. Nə deyəcəm, özüm də bilmirəm. Çünki, uzun dilim qısalıb. Bu gün efirdə qadın kişiyə sillə vurur, qaynana gəlini, gəlin qaynatanı döyür. Ana övladın gözü önündə onun atasına xəyanət edir. Ata da acığa düşüb həm övladını, həm də övladının anasını öldürür. Bu gün xəyanət ən adi mövzuya, kiminsə kimisə xəyanət üstündə öldürməsi isə adi xəbərə çevrilib. Bu gün baş kəsib, insan bədənini hissələrə doğramaq barədə məlumatlar xəbər büllitenlərini daha rəngarəng edir. Bu gün efirə çıxıb, "həyat yoldaşım mənə xəyanət edir" deyib ağlayan "kişilərin" sayı artır. 16-18 yaşında qızlarını efirə çıxarıb, ona ər axtaran ataların, anaların sayı durmadan artır. Daha nə yazım, nə sadalayım ki, baş verənləri ifadə edim?

Bilmirəm niyə, amma mən hər zaman baş verənlərin kökünü axtarmağa çalışıram. Bizi bu cür soyuqqanlı edən, hislərimizi adiləşdirən, düşəncələrimizi bəsitləşdirən, həyata, insanlara münasibətimizi azğınlaşdıran nədir? Kasıbçılıq, köçkün həyatı, ehtiras, cahillik, savadsızlıq? Nə?
Bəzən düşünürəm, görəsən, bir əsr bundan əvvəl yaşamış kişilər bu gün efirdə baş verənlərə nə ad qoyardılar?
İndiyə kimi yadımdadır, uşaq olanda rəhmətlik nənəmlə söhbət edərdim. Bir dəfə dedim: "Aay nənə, niyə deyirlər ki, evin sirri evdə qalmalıdır? Çölə çıxsa nə olar?". Dedi: "Ev dağılar".

Mənə ən pis təsir edən məqam bilirsiniz nədir? Efirə çıxıb ailə problemləri haqqında danışan insanlara studiyada əyləşən şəxslərin məsləhət verib, yol göstərmələridir. Tam səmimiyyətim və məsuliyyətimlə deyirəm ki, bu insanların çox böyük hissəsi ailə dəyərinin nə olduğunu bilməyən, ailə sahibi olmayan, çox mənasız və boş həyat keçirən və ailə qadri bilmədiyi üçün onu qoruyub saxlamağı bacarmayanlardır. Məsləhət verib, efirdə ağılllı görünmək istəyən insanlar, bax, bunlardır.
Mən heç nə istəmirəm, sadəcə hislərimizə, ağlımıza və ən əsası ailəmizə sahib olmağımızı istəyirəm.

İctimai nəqliyyatda gedərkən, insanların simasına baxarkən bəzi hallarda narahatçılıq da keçirirəm. Bu simalarda mənasızlıq, boşluqla, ümidsizliklə yanaşı nifrət, kin, küdurət, ondan vəzifə, geyim və digər keyfiyyətlərinə görə bir qədər yaxşı olan insanlara qarşı açıq şəkildə paxıllıq, qəzəb görürəm.
Bu gün yolda həyat yoldaşı, nişanlısı ilə qol-qola gedən xanıma vəhşicəsinə baxan "kişilər" görürəm. Hətta bəzi zamanlarda bilərəkdən bu xanımlara söz atanlar da olur. Məhz həmən bu "insanlar" sonra əxlaq, namus, qeyrət və ailə dəyərlərindən danışırlar.
Bu gün azyaşlı uşaqlara meyl edən vəhşilər görürəm. Sonra həmən bu şərəfsizlər kamera önünə çıxıb "özüm də bilmirəm necə oldu. Amma elədiklərimdən peşmanam" kəliməsini çox soyuq bir tərzdə, özü də kameraya baxa-baxa deyirlər.
Düzü, bu məqamda çox şeyin dəyişməsini istəyirəm. Bu cür insanlara ölüm cəzasının verilməsini, məhkəmə qanunlarının daha da sərtləşdirilməsini istəyirəm.
Yoxsa, mən də qəddarlaşıram?

Mən bütün bu yaşananların sonunu düşünürəm. Əslində düşünmək istəmirəm. Çünki vahimələnirəm. Azyaşlı uşaqlar üçün yaşananların efirdən adi şəkildə izlənməsi, gündəlik olaraq qətl hadisələri ilə bağlı xəbərlərin yayımlanması, qadına, uşağa qarşı zorakılıq, bir sıra hallarda ailə sahibi olan "kişilərin" birdən-birə öz cinslərindən olanlara meyl salmaları və bu halların sayının artması, küçədə dünyasını dəyişən, vəziyyəti pisləşən insana "mən başıma iş aça bilmərəm" deyib yardım etməkdən boyun qaçıran insanların, hamilə qadınların nəqliyyatda ayaq üstə dayandığı zaman əyləşən və bu an özünü yuxuluğa vuran "kişilərin" sayının artması və məni vahimələndirən daha nələrin baş verdiyini yazdıqca, beynimi təmizləmək, heç nəyi anlamamaq və sadəcə heç nəyi görməmək istəyirəm.

Xəbər lenti

Xəbər lenti