...

Bakı məktəblərində vahid məktəbli formasına keçidlə bağlı aparılan monitorinqin nəticələri açıqlanıb

Cəmiyyət Materials 20 Oktyabr 2011 16:37 (UTC +04:00)
Bakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) paytaxt məktəblərində şagirdlərin vahid məktəbli geyiminə keçidi ilə bağlı vəziyyəti öyrənmək məqsədilə apardığı monitorinqin nəticələrini açıqlayıb.
Bakı məktəblərində vahid məktəbli formasına keçidlə bağlı aparılan monitorinqin nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Bakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) paytaxt məktəblərində şagirdlərin vahid məktəbli geyiminə keçidi ilə bağlı vəziyyəti öyrənmək məqsədilə apardığı monitorinqin nəticələrini açıqlayıb.

İdarənin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı cümə axşamı Trend-ə bildirib ki, ötən il I-IV sinif şagirdləri tam olaraq vahid məktəbli geyiminə keçiblər. Bu il sentyabrın 15-də isə Bakının orta məktəblərində təhsil alan şagirdlərin 70-ə yaxını vahid məktəbli forması geyinib. Vahid məktəbli geyiminə keçən Bakı məktəblilərinin 70 faizə yaxınının əksəriyyətini ibtidai sinif şagirdləri təşkil edib. İdarə bəzi şagirdlərin geyimləri texniki səbəblərlə əlaqədar əldə edə bilməməsini nəzərə alaraq, vahid məktəbli geyiminə keçid üçün təyin edilmiş vaxtı oktyabrın 1-dək uzatmışdı.

Əlıqızı deyib ki, oktyabrın 1-dən sonra BŞTİ-nin tapşırığı ilə vahid məktəbli geyiminə keçidlə bağlı yenidən son vəziyyət araşdırılıb. Məlum olub ki, 15 gün ərzində - sentyabrın 15-dən oktyabrın 1-dək vahid məktəbli geyiminə keçən şagirdlərin göstəricisi 70 faizdən 80 faizə yüksəlib.

Bu həftənin əvvəlinə olan məlumata görə isə artıq Bakı məktəblərində vahid məktəbli forması geyinən şagirdlərin sayı 90 faizə çatıb. Hazırda Bakı şagirdlərinin 10 faizi vahid məktəbli forması geyinmir. Vahid məktəbli geyiminə keçməyən 10 faiz şagirdlərin çoxu yuxarı sinif şagirdləridir.

"Təbii ki, onların hər biri ilə danışıqlar aparılır. Onlar vahid məktəbli geyiminə keçməməsini müxtəlif səbəblərlə izah edirlər. Şagirdlər bunu maddi imkanın olmaması, ölçüsünə uyğun geyim tapa bilməməsi ilə əlaqələndirirlər", - Əlıqızı bildirib.

O əlavə edib ki, yuxarı sinif şagirdləri məktəbi bitirmək üzrə olduqları üçün bu geyimin alınmasına xərc çəkmək istəmədiklərini söyləyiblər. Amma buna baxmayaraq, 11-ci sinif şagirdlərinin əksəriyyəti vahid məktəbli geyiminə keçib. Vahid məktəbli formasını geyinməyən şagirdlər isə dərslərə ağ köynək, tünd rəngli şalvar və ya yubka ilə gəlirlər. Hazırda paytaxt məktəblərində dərsə hicabla gələn qızlar da yoxdur.

İdarə rəsmisi vahid məktəbli geyiminə keçidin Bakının mərkəzi məktəbləri ilə müqayisədə paytaxtın kənar ərazilərindəki məktəblərdə daha tez yekunlaşdığını maraqlı hal kimi açıqlayıb.

Ümumilikdə əldə olunan nəticəni olduqca təqdirəlayiq hal sayan Əlıqızı bildirib ki, bu il vahid məktəbli geyiminə keçidin ilk ilinin olması nəzərə alınmalıdır.

İdarə rəsmisi ümid edir ki, bu ilin sonuna qədər vahid məktəbli geyimi əldə etməyən şagirdlər də bu geyimi geyinəcək və bununla da vahid məktəbli geyiminə keçid yekunlaşacaq.

2007-ci ildən Bakı məktəblərində vahid məktəbli geyimi tətbiq olunur. Bu il ilk dəfə olaraq, Bakının bütün sinif şagirdləri vahid məktəbli geyiminə keçiblər.

Xəbər lenti

Xəbər lenti