...

Bələdiyyə üzvlərinin statusu və sosial təminatı ilə bağlı qanunvericiliyə dəyişiklik ediləcək

Cəmiyyət Materials 24 Oktyabr 2011 16:55 (UTC +04:00)
Bələdiyyə üzvlərinin statusu və sosial təminatı gücləndiriləcək.
Bələdiyyə üzvlərinin statusu və sosial təminatı ilə bağlı qanunvericiliyə dəyişiklik ediləcək

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bələdiyyə üzvlərinin statusu və sosial təminatı gücləndiriləcək.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, "Bələdiyyə qulluğu haqqında" qanuna bununla bağlı dəyişikliklər nəzərdə tutulub. Yeni qanun layihəsi parlamentin müzakirəsinə çıxarılacaq.

Layihədə nəzərdə tutulub ki, bələdiyyənin qərarı ilə yerli büdcənin hesabına səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvünə müalicə olunması və istirahət etməsi üçün hər il onun ortaaylıq əmək haqqının bir misli məbləğində müavinət verilir.

Səlahiyyətlərini daimi əsasla icra etmiş və səlahiyyət müddəti qurtardıqdan sonra yeni müddətə seçilməyən bələdiyyə üzvlərinə bələdiyyənin qərarı ilə 2 ay müddətində onların ortaaylıq əmək haqqının 2 misli məbləğində müavinət verilir.

Layihədə bələdiyyənin icra aparatının səlahiyyətləri də müəyyən olunub.

Parlamentə "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" qanuna dəyişikliklə bağlı layihə də təqdim olunub.

Layihədə nəzərdə tutulub ki, bələdiyyələr yerli büdcənin icrası haqqında yarımillik və illik hesabatı bələdiyyə iclasına təqdim etməlidir.

Yarımillik maliyyə hesabatları hesabat dövründən sonrakı ayın 15-dək, illik maliyyə hesabatları isə növbəti ilin yanvar ayının 30-dək təqdim edilməlidir.

Təklif olunan dəyişikliyə görə, bələdiyyələr təqdim edilmiş maliyyə hesabatlarını bələdiyyə iclasının qərarı ilə 15 gün müddətində təsdiq edirlər.

Xəbər lenti

Xəbər lenti