Azərbaycan, Bakı, 24 oktyabr /Trend/
Həştərxanda Heydər Əliyev adına orta ümumtəhsil məktəbi açılıb.
"Həştərxan vilayətinə xüsusi münasibətinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm. O, sadəcə olaraq xeyirxahcasına deyil, həm də yüksək dövlət səviyyəsində Rusiyanın ayrı-ayrı subyektləri ilə, bizim vasitəmizlə isə bütün ölkə ilə münasibətlər qurur", - Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin bu gün Heydər Əliyev adına 11 saylı orta ümumtəhsil məktəbinin açılışında iştirak etmək üçün regiona gələn Azərbaycanın nümayəndə heyətinin üzvləri ilə görüşündə deyib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi qubernatorun saytında yerləşdirilmiş məlumatda deyilir.
Bu günlərdə Həştərxan vilayətində rəsmi səfərdə olan Azərbaycan nümayəndə heyətinin üzvləri arasında Azərbaycan Prezidenti Administrasiyasının, Təhsil Nazirliyinin və Bakının Nərimanov rayonunun nümayəndələri var.
"Azərbaycan paytaxtının Nərimanov rayonunun rəhbərliyi bütün bu müddət ərzində Həştərxan vilayəti üçün çox vacib olan məktəbin yenidən qurulması layihəsini icra edib. Siz nümunə göstərdinizki, qısa vaxt ərzində necə gözəl obyekt yaratmaq olar. Məktəbin sahəsi praktiki olaraq iki dəfə artırılıb. İndi o, Həştərxanda ən yaxşı məktəbdir", - Jilkin deyib.
"Azərbaycan Prezidenti İlham Əliyev adından Sizi salamlayıram və bizə göstərilən səmimi qəbula görə dərin təşəkkürümü bildirirəm. Biz özümüzü Həştərxanda evimizdəki kimi hiss edirik. Son bir il-il yarım ərzində Azərbaycanda və Həştərxan vilayətində baş verən birgə hadisələr xalqlarımızı yaxınlaşdırır, əhalimizi doğmalaşdırır, ikitərəfli və çoxtərəfli münasibətləri yaxşılaşdırır", - cavab nitqində Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
"Bütün bu illər ərzində Xəzəryanı dövlətlərlə sıx qarşılıqlı əlaqələrin qurulması üzrə strateji xətt yürüdən Aleksandr Jilkin azərbaycanlılarla həştərxanlıların birliyini belə izah edib: "Region böyük beynəlmiləl ailədə yaşayır, bizim milli problemlərimiz yoxdur və olmayıb. Bundan başqa, Heydər Əliyev bizim üçün doğmadır. Azərbaycanlılar kimi biz də həmyerlimiz Nəriman Nərimanovla fəxr edirik və onu həştərxanlı hesab edirik", - məlumatda deyilir.