...

Bələdiyyələrə beynəlxalq əlaqələr qurmaq hüququ verilib

Cəmiyyət Materials 25 Oktyabr 2011 17:11 (UTC +04:00)
Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında bələdiyyələrlə bağlı qanunlara dəyişikliklər təsdiq edilib.
Bələdiyyələrə beynəlxalq əlaqələr qurmaq hüququ verilib

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir M.Əliyev/

Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında bələdiyyələrlə bağlı qanunlara dəyişikliklər təsdiq edilib.

Trend-in məlumatına görə, "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyələrin maliyyələşməsinin əsasları haqqında", "Bələdiyyə qulluğu haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında", "Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında əsasnamənin təsdiq edilməsi haqqında", "Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında" qanunlara dəyişikliklər edilib.

Parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, dəyişikliklərdə bələdiyyələrə beynəlxalq əlaqələr qurmaq hüququ verilib.

Başqa bir dəyişikliyə görə, öz səlahiyyətlərini daimi əsaslarla icra edən bələdiyyə üzvləri bələdiyyənin büdcəsindən məvacib ala biləcəklər.

Onlara elmi və pedaqoji fəaliyyətdən başqa vəzifə tutmaq qadağan olunur. 5-7 üzvü olan bələdiyyədə 2, 9-11 üzvü olan bələdiyyədə 3, 13-15 üzvü olan bələdiyyədə 4, 17-19 üzvü olan bələdiyyədə isə 5 üzv bələdiyyə büdcəsindən məvacib ala bilər.

Dəyişikliklər, həmçinin bələdiyyə üzvlərinin səlahiyyətlərinə xitam verilməsi ilə bağlıdır.

Dəyişikliklərə əsasən, ardıcıl olaraq üç dəfə bələdiyyə iclaslarını üzrsüz səbəbdən buraxan və ya il ərzində keçirilən iclasların yarısından çoxunda üzrsüz səbəbdən iştirak etməyən bələdiyyə üzvünün səlahiyyətinə xitam verilə bilər.

Xəbər lenti

Xəbər lenti