...

Azərbaycanda peşə təhsili üzrə Almaniya təcrübəsinin tətbiqi üçün danışıqlar aparılacaq

Cəmiyyət Materials 27 Oktyabr 2011 17:31 (UTC +04:00)
Azərbaycanda peşə təhsili üzrə Almaniya təcrübəsinin tətbiq olunması üçün danışıqlar aparılacaq.
Azərbaycanda peşə təhsili üzrə Almaniya təcrübəsinin tətbiqi üçün danışıqlar aparılacaq

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda peşə təhsili üzrə Almaniya təcrübəsinin tətbiq olunması üçün danışıqlar aparılacaq. Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradov cümə axşamı Trend-ə bildirib ki, bu məqsədlə Azərbaycan nümayəndə heyətinin oktyabrın 28-dən etibarən Berlinə səfəri başlayacaq.

Onun sözlərinə görə, Almaniyanın Berlin şəhərində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş "Təhsil - Perspektivlər - Müvəffəqiyyətlər" adlı konfrans çərçivəsində orta ixtisas təhsili ilə bağlı bir sıra görüşlər keçiriləcək.

"Hazırda Azərbaycanda gənclərlə bağlı ən narahat edən məsələlərdən biri orta ixtisas məktəblərində peşə biliklərinin alınması ilə bağlıdır. Ölkədə orta ixtisas sisteminə maraq çox azdır, lakin əslində peşə bilikləri olan gənclərə daha çox tələbat var", - o deyib.

Muradovun sözlərinə görə, peşə təhsilinin inkişafı ilə bağlı mövcud dövlət proqramı da bu problemlərin həllinə kömək edəcək.

"Almaniya iqtisadiyyatının gəlirlərinin 70 faizi məhz orta ixtisas peşəsi sahiblərindən gəlir. Onların təcrübəsini öyrənmək hazırda çox lazımlıdır", - o deyib.

Şura sədri qeyd edib ki, Berlində keçiriləcək görüşlərdə Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndələri də iştirak edəcək. "ARDNŞ-də peşə bilikli kadrlara çox böyük ehtiyac var", - Muradov bildirib.

Hazırda Azərbaycanda 108 peşə təhsili müəssisəsi fəaliyyət göstərir. Onlardan 47-si peşə liseyi, qalanları isə peşə məktəbidir. Respublikanın peşə təhsili müəssisələrində 101 peşə öyrədilir.

Xəbər lenti

Xəbər lenti