...

Səudiyyə Ərəbistanı 150 iranlı zəvvarı deportasiya edir

Cəmiyyət Materials 1 Noyabr 2011 11:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Səudiyyə Ərəbistanı 150 iranlı zəvvarı saxta vizalarla ölkəyə gəlməkdə günahlandıraraq Krallığın qərbindəki müqəddəs Mədinə şəhərindən deportasiya edir. Trend-in məlumatına görə, xəbəri Press TV yayıb.

Hakimiyyətin əmri ilə Səudiyyə polisi iranlılara həcc ziyarətini həyata keçirmək üçün aeroportun ərazisini tərk etməyə icazə verməyib. Bu barədə bazar ertəsi Fars News agentliyi məlumat verib.

Zəvvarlar vizaların onlara Səudiyyə Ərəbistanının İranın Məşhəd şəhərindəki konsulluğu tərəfindən verildiyini iddia edirlər.

İranın xarici işlər nazirinin müavini Həsən Qəşqəvi bazar ertəsi deyib ki, ölkənin Xarici İşlər Nazirliyi bu məsələnin həlli üçün Səudiyyə hakimiyyəti ilə danışıqlara başlayıb.

Həcc və Zəvvarlıq Təşkilatının rəhbəri Əli Layalinin sözlərinə görə, 97 minə yaxın iranlı hazırda Mədinədə, eləcə də krallığın qərbindəki müqəddəs Məkkə şəhərində həcc ziyarəti həyata keçirir.

Səudiyyə KİV-inin bazar ertəsinə olan məlumatına görə, artıq 1,5 milyondan artıq müsəlman həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gəlib.

Xəbər lenti

Xəbər lenti