Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir A.Məmmədova/
Bu gün Bakıda Azərbaycann Mədəniyyət və Turizm Nazirliyinin, Beynəlxalq Kukla Teatrları Assosiasiyasının (UNIMA) və TÜRKSOY-un təşkilatçılığı ilə I Bakı Beynəlxalq Kukla Teatrları Festivalı açılıb.
Trend-in məlumatına görə, Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunan festival "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına uyğun olaraq keçirilir.
Festival çərçivəsində 16 ölkədən 20-dən çox kukla teatrı - A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı, Qax Dövlət Kukla Teatrı, "Bəbək" Televiziya Teatrı, Böyük Britaniyadan "Kağız kino", Rumıniyadan "Qonq", İspaniyadan "Pley Ground", Türkiyədən "Pəmbə qurbağa", İordaniyadan "Arab Rey", Avstriyadan "Fiqur", Gürcüstandan "Budruqana" və "Multi-pulti dünyası", Misirdən "Vel ya Vel", Başqırdıstandan "Qursaq", İran İslam Respublikasından "Saina", Litvadan "Lele", Tatarıstandan "Ekiyat", Estoniyadan Rauf Avşar Teatrı, Özbəkistandan Xorezm Vilayət Kukla Teatrı, Ukraynadan Poltava Akademik Vilayət Kukla Teatrı, Çuvaşiyadan Çeboksarı Dövlət Kukla Teatrı, Həştərxandan Dövlət Kukla Teatrı, Qazaxıstandan Petropavlovsk Dövlət Kukla Teatrı çıxış edəcək.
Noyabrın 2-də saat 10:00-16:00-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Şərq və Qərbin kukla dünyası: ideya, təşəkkül, texnika" adlı elmi-simpozium keçiriləcək. Simpoziumda nüfuzlu beynəlxalq teatr təşkilatlarının rəhbərləri - UNIMA-nın baş katibi Jacques Trudeau (Paris), UNIMA-nın vitse-prezidenti Stanislav Dubrava (Çexiya), ASSITEJ-in prezidenti İvetta Hardi (Cənubi Afrika), Teatr Tənqidçiləri Beynəlxalq Assosiasiyasının baş katibi Mişel Vais (Kanada), BTİ-nin Yaxın Şərq Ölkələri üzrə koordinatoru İbrahim Assiri (Səudiyyə Ərəbistanı), Fuceyra Beynəlxalq Monodram Festivalının direktoru Məhəmməd Saif əl-Alkham (BƏƏ), İliya Universitetinin rektoru Levan Xetaquri (Gürcüstan) iştirak edəcəklər.
Azərbaycan Dövlət Kukla Teatrında 2-6 noyabr tarixlərində saat 14:00-da Böyük Britaniya, İspaniya, Türkiyə, Avstriya kukla teatrları mütəxəssislərinin iştirakı ilə ustad dərslər keçiriləcək.