Azərbaycan, Bakı, 3 noyabr / Trend müxbir İ.İsabalayeva/
Azərbaycanın baş pediatrı Nəsib Quliyev körpələrin ana südü ilə qidalanması sahəsindəki vəziyyəti yaxşılaşdırmaq üçün təbliğat xarakterli tədbirlərin icrasını sürətləndirməyi vacib hesab edir. Baş pediatr cümə axşamı Trend-ə verdiyi açıqlamasında bildirib ki, bu tədbirlər insanların problemə şüurlu şəkildə yanaşmasına kömək etməlidir.
Onun sözlərinə görə, Azərbaycanda körpələrin ana südü ilə qidalanmasını təmin etmək üçün dövlət tərəfindən bütün tədbirlər görülüb, bu məsələdə əsas problem valideynlərlə bağlıdır.
"Dövlət analara 3 il müddətinə məzuniyyət verir. Həmin məzuniyyətin 4 aydan çoxu, fəsadlaşmış doğuş olarkən isə 5 aya qədəri ödənişli olur. Bundan əlavə, dövlət doğulan uşağa görə müavinət verir. Bütün bu işlər dövlət tərəfindən ona görə yerinə yetirilir ki, analar öz uşaqlarına lazımi qayğını göstərə bilsin, onları ana südü ilə qidalandırsınlar, gələcək nəslimiz olan körpələrimiz də normal, sağlam böyüsünlər", - Quliyev bildirib.
Baş pediatrın sözlərinə görə, ana südü ilə qidalanan körpələrin sayı aşağı sürətlə də olsa, artır. 1992-ci ildə Azərbaycanda 1 yaşadək körpələrin 25 faizi ana südü ilə qidalandığı halda, hazırda bu göstərici 50 faizdən çoxdur. Quliyev qeyd edib ki, Türkiyənin müstəqil ekspertlərinin ölkəmizdə apardıqları müayinələr nəticəsində 1 yaşadək körpələrin hətta 69 faizinin ana südü ilə qidalandığı məlum olub.
Baş pediatr bildirib ki, bəzən analar işlərini itirməmək üçün işə çıxmaq və övladını kimə isə tapşırmaq məcburiyyətində qalırlar. O, belə hesab edir ki, ümumilikdə körpələrin ana südü ilə qidalana bilməməsinin əsas səbəbini işləyən anaların sayının çox olması ilə əlaqələndirmək düzgün deyil. Çünki belə anaların sayı süd verməkdən imtina etmiş anaların çox az - çəmi 5-10 faizini təşkil edir.
Körpələrini ana südü ilə qidalandırmaq üçün analara və onların ailələrinə müraciət edən Quliyev bu gün ailələrdə ana südü ilə qidalanmaya münasibətin xoşa gələn olmamasına da çox təəssüflənib.
"Körpənin ana südü ilə qidalanması ananın işdən ayrılmasını, evin digər sakinlərinin süd verən anaya şərait yaratmasını tələb edir. Evdəkilər başa düşməlidirlər ki, süd verən ana üçün stress, gərgin şərait olmaz. Bəzən özlərini professional bilənlər analara məsləhət görürlər ki, bədən formasını itirməmək üçün körpəsinə süd verməsin. Gənc ana da bu məsləhətə qulaq asaraq körpəsinə süd verməkdən imtina edir", - o, əlavə edib.
Azərbaycanın baş pediatrı körpəsi olan ailələrə müraciət edib
Azərbaycanın baş pediatrı Nəsib Quliyev körpələrin ana südü ilə qidalanması sahəsindəki vəziyyəti yaxşılaşdırmaq üçün təbliğat xarakterli tədbirlərin icrasını sürətləndirməyi vacib hesab edir.