...

Azərbaycanın bütün orta məktəblərindəki istedadlı şagirdlər üçün "Kiçik Akademiyalar" yaradılacaq

Cəmiyyət Materials 4 Noyabr 2011 15:15 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi ölkədəki bütün orta məktəblərdə "Kiçik Akademiya"lar yaratmağı nəzərdə tutur.
Azərbaycanın bütün orta məktəblərindəki istedadlı şagirdlər üçün "Kiçik Akademiyalar" yaradılacaq

Azərbaycan, Bakı, 4 noyabr / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi ölkədəki bütün orta məktəblərdə "Kiçik Akademiya"lar yaratmağı nəzərdə tutur. Bunu cümə günü Trend-ə Təhsil Nazirliyinin Kənd rayonları üzrə ümumtəhsil və məktəbəqədər tərbiyə şöbəsinin müdiri Aydın Əhmədov məlumat verib.

Onun sözlərinə görə, "Kiçik Akademiya"ların yaradılmasında məqsəd istedadlı, yaradıcı təfəkkürə malik olan, araşdırma aparmaq qabiliyyəti olan şagirdləri üzə çıxarmaq, onları bir məqsəd ətrafında birləşdirməkdir.

Nazirlik bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə "Kiçik Akademiyalar"ın əsasnaməsini də təsdiqləyib. Artıq Bakının, müxtəlif rayonların bır sıra orta məktəblərində, xüsusilə özəl lisey və gimnaziyalarda "Kiçik Akademiya"lar yaradılıb.

"Kiçik Akademiya"ların yaradılmasının yaxşı nəticələr verdiyini deyən Əhmədov şagird komplekti az olan məktəblərdə "Kiçik Akademiya"ların təşkilinin bir qədər çətin olduğunu söyləyib.

"Elə orta məktəblər var ki, onlar az komplektlidir. Belə məktəblər əsasən ucqar kəndlərdə, müəyyən dağ rayonlarındadır. Bunlarda bu işi təşkil etmək bir qədər mürəkkəbdir. Şagird komplekti az olan məktəblərdəki istedadlı şagirdlər isə rayon üzrə cəmləşə bilərlər", - Əhmədov qeyd edib.

Xəbər lenti

Xəbər lenti