Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir M.Əliyev/
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə cümə günü Bakı İdman Sarayında 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş "Bayraq Festivalı" keçirir. Trend-in məlumatına görə, Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov jurnalistlərə bildirib ki, qurum ilk dəfə olaraq Dövlət Bayrağı Gününə həsr olunmuş festival təşkil edir.
Onun sözlərinə görə, bu cür tədbirin gələcəkdə respublika səviyyəsində ölkənin rayonlarında da daha geniş keçirilməsi nəzərdə tutulur.
"Festivalın keçirilməsində əsas məqsəd gənclərə dövlət rəmzlərinə sevgini aşılamaqdır", - nazirlik rəsmisi deyib.
Millət vəkili Qənirə Paşayeva tədbirdə jurnalistlərə bildirib ki, yeni müstəqillik əldə etmiş ölkə kimi gənclərdə dövlət atributlarına sevgi artırılmalıdır və bu sahədə daha çox təbliğat-təşviqat işləri aparılmalıdır.
"Bu bayrağı əldə etməkdən ötrü çox böyük mübarizədən keçmişik", - o deyib.
Paşayeva qeyd edib ki, müasir Azərbaycan və onun üçrəngli bayrağı Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Millət vəkili bugünkü gənclərimizin Azərbaycan bayrağını Qarabağda sancacağına əmin olduğunu bildirib.
Festival zamanı dövlət bayrağı mövzusunda rəsm müsabiqəsi keçirilib. Tədbirdə dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, tələbələrin, gənclər təşkilatlarının üzvləri və fəal gənclər iştirak edirlər. Festival estrada ulduzlarının iştirakı ilə konsertlə davam edir.
"Bayraq Festivalı" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "9 noyabr Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" 17 noyabr 2009-ci il tarixli sərəncamının və Gənclər və İdman Nazirliyinin tədbirlər planının icrasının təmin edilməsi məqsədilə həyata keçirilir.