...

“Xəzər-Lənkəran” klubu “Neftçi” ilə oyuna dair bəyanat verdi

Cəmiyyət Materials 6 Noyabr 2011 23:20 (UTC +04:00)
“Xəzər-Lənkəran” klubu Premyer Liqada II dövrənin I turu çərçivəsində Bakının “Neftçi” komandasına böyük top fərqi ilə uduzduğu oyunda hakim səhvindən narazılıq edib.
“Xəzər-Lənkəran” klubu “Neftçi” ilə oyuna dair bəyanat verdi

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

"Xəzər-Lənkəran" klubu Premyer Liqada II dövrənin I turu çərçivəsində Bakının "Neftçi" komandasına böyük top fərqi ilə uduzduğu oyunda hakim səhvindən narazılıq edib.

Trend-in klubun rəsmi saytına istinadən yaydığı məlumata görə, bu gün Premyer Liqanın 12-ci turunda keçirilmiş "Neftçi" - "Xəzər Lənkəran" matçının 5-ci dəqiqəsində hakimin kobud səhvi ilə nəticələnən epizod baş verib.

Meydan sahiblərinin "27" nömrəli futbolçusu Rəşad Abdullayevlə "Xəzər Lənkəran"ın müdafiəçisi Şəhriyar Xəlilovun top uğrunda mübarizəsi zamanı "Neftçi" klubunun futbolçusu topu itirərək, heç bir səbəb olmadan gənc futbolçunun üzünə şillə endirir. Bundan sonra hərəkətini ört-basdır etmək məqsədilə Abdullayev yerə uzanaraq ona qarşı kobudluq olduğunu nümayiş etdirir.

Oyunun baş hakimi Elnur Muradov isə bu epizodda tamamilə yanlış qərar çıxararaq "Xəzər Lənkəran"ın qapısına doğru şübhəli cərimə zərbəsi təyin edir, heç bir mübahisəsiz qırmızı vərəqə almalı olan Abdullayev isə ümumiyyətlə heç bir xəbərdarlıq belə almır. Həmin cinahda olan yan hakimi də bu epizoda heç bir münasibət bildirmir.

"Təssüf ki, daim hakimlərin oyunu ədalətli şəkildə idarə etməsini istəsək də, bu cür kobud səhvlər əvvəllər olduğu kimi, yenə də təkrarlanmaqdadır. "Xəzər Lənkəran" Futbol Klubu bu epizodla bağlı müvafiq instansiyalara müraciət edəcək və intizamsızlıq nümayiş etdirən futbolçu və səriştəzilik nümayiş etdirən hakimlər briqadası barədə tədbirlər görünməsi üçün bütün vasitələrdən istifadə edəcək" klubun bəyanatında bildirilib.

Bu gün Premyer Liqada II dövrənin I turu çərçivəsində Bakının "Neftçi" klubu Lənkəranın "Xəzər-Lənkəran" komandası üzərində 5 cavabsız top vurmaqla qalib gəlib.

Trend-in məlumatına görə, böyük maraqla gözlənilən "Neftçi" - "Xəzər Lənkəran" qarşılaşması isə güclü yağış altında baş tutub. "Böyük oyun"lar tarixində ilk dəfə qeydə alınan böyük hesab bakılıların 5 cavabsız qolu ilə yadda qalıb.

Çempionun liderini darmadağın edib xal fərqini minimuma endirməsində əsas pay sahibi Flavinyo olub. Braziliyalı bu dəfə də vurduğu ilk 2 qolla qonaqların müqavimətini qırıb.

Turun digər oyununda isə Tovuzun "Turan" klubu öz ev oyununda "İnter" komandasın 0:1 hesabıyla uduzub.

Xəbər lenti

Xəbər lenti