Azərbaycan, Bakı, 11 noyabr / Trend müxbir İ.İsabalayeva/
Azərbaycanda ilkin mərhələdə 15 mindən 25 minədək şagirdə şahmat dərsi keçilə bilər. Bunu cümə günü Trend-ə Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov deyib.
Onun sözlərinə görə, şahmatın orta məktəblərdə tədrisinə 2012-ci ilin yanvar ayından başlanması nəzərdə tutulur. Hazırda bu fənnin tədrisi üçün respublikanın bütün rayon və şəhərlərində bir pilot məktəb müəyyənləşdirilir. Şahmatın Bakıda 11, Sumqayıtda 2 məktəbdə tədrisi planlaşdırılır.
İbrahimov deyib ki, artıq şahmatın keçirilməsi üçün tədris planı və proqramının layihəsi hazırlanıb.
Şöbə müdirinin sözlərinə görə, hazırda həm də respublika üzrə orta məktəblərdə fiziki tərbiyə müəllimi işləməyən, amma şahmatı bilən müəllimlərin siyahısı hazırlanır.
İbrahimov şahmatın tədrisi ilə bağlı müzakirələrin müxtəlif səviyyələrdə davam etdiriləcəyini də söyləyib.
Azərbaycanın təhsil naziri Misir Mərdanov Azərbaycanın rayon və şəhərlərində seçilmiş bir ümumtəhsil məktəbində şahmat dərslərinin tədris olunması barədə əmr verib. Əmrdə şahmat dərslərinin təşkil olunması ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələrinin müdirlərinə tapşırıqlar verilib.
İlkin təkliflərdə şahmatın pilot məktəblərdə müstəqil fənn kimi aşağı siniflərdən keçilməsi nəzərdə tutulur.