Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir N.İsmayılova/
"Mir" Dövlətlərarası Teleradio Şirkəti noyabrın 6-da telekanalda yayımlanan "Вместе" proqramında efirə getmiş "Eurovision-2012 müsiqi müsabiqəsinə hazırlıq" reportajında yol verilən ciddi səhvə görə Azərbaycan Maliyyə Nazirliyindən üzr istəyib.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə bildiriblər ki, Teleradio Şirkəti məktubda qeyd edib:
"Jurnalist Fuad Mirməmmədovun hazırladığı reportajda ciddi səhvə yol verilərək "Azərbaycan Maliyyə Nazirliyinin hesablamalarına görə, "Eurovision"a hazırlığa dövlət büdcəsindən 1 milyard dollar xərclənəcək" kimi qeyri-dəqiq informasiyaya yer verilib. Məsələ ilə bağlı Azərbaycan Maliyyə Nazirliyi ilə dəqiqləşdirmə aparılmadan bəzi yerli və xarici informasiya agentliklərində gedən və heç bir əsası olmayan informasiya nazirliyə istinadən təqdim edilib. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi qarşısında üzr istəyirik".