Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir M.Əliyev/
Azərbaycanda mədəniyyət sahəsində prodüser institutunun inkişaf etdirilməsi istiqamətində işlər aparılır. Trend-in məlumatına görə, cümə axşamı parlament komitələrinin birgə iclasında 2012-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib ki, "Mədəniyyət haqqında" hazırlanan yeni qanun layihəsində bu məsələ nəzərə alınacaq.
O deyib ki, büdcədə mədəniyyətə və incəsənətə ayrılan vəsait təhlil olunarkən onun xərclənmə texnikasına da diqqət yetirmək lazımdır.
"Çox təəssüf ki, bu gün hələ ki Azərbaycanda incəsənət sahəsində məşhur prodüser institutu inkişaf etməyib", - Cəfərov qeyd edib.
Komitə sədri bildirib ki, prodüser institutunun inkişaf etməməsi büdcədən ayrılmış vəsaitin düzgün, dəqiq və optimal xərclənməsinə mane olur.
Cəfərov, həmçinin qeyd edib ki, əlavə qanunvericiliklə həlli vacib olan müəyyən məsələlər var. "Xüsusilə, bu, yaradıcı təşkilatların təminatı, saxlanması məsələsidir", - o deyib.
Komitə sədri qeyd edib ki, 2012-ci ildən Rəssamlar İttifaqı da büdcədən maliyyələşəcək. "Başqa təşkilatlar da maliyyələşməyə iddia edə bilərlər və onların da faydalılığı nəzərə alınaraq büdcədən təmin oluna bilərlər", - komitə sədri bildirib.
Cəfərov mədəniyyət sahəsinə ayrılan xərcləri büdcə layihəsində ayrıca bəndlə göstərmək və bu sahəyə daha çox maliyyə ayrılması təklifi ilə çıxış edib.