...

"Neftçi"nin futbolçusu Flavinyo millidə çıxış edə bilər

Cəmiyyət Materials 17 Noyabr 2011 20:47 (UTC +04:00)
"Neftçi" klubunun futbolçusu Flavinyo Azərbaycan millisində çıxış edə bilər.
"Neftçi"nin futbolçusu Flavinyo millidə çıxış edə bilər

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir B.Hacıyev/

"Neftçi" klubunun futbolçusu Flavinyo Azərbaycan millisində çıxış edə bilər.

Trend-in cümə axşamı AFFA-nın saytına istinadən yaydığı məlumata görə, "Neftçi" klubunun braziliyalı futbolçusu Flavinyo Azərbaycan milli komandasında çıxış etmək arzusunda olması barədə AFFA rəhbərliyinə müraciət edib.

Bununla bağlı AFFA-nın baş katibi Elxan Məmmədov bildirib ki, hr hansı futbolçunun milli komandaya dəvət olunması baş məşqçinin səlahiyyətinə daxil olan məsələdir. Bu baxımdan, Flavinyonun Azərbaycan millisində çıxış etmək üçün AFFA rəhbərliyinə etdiyi müraciətin necə nəticələnəcəyi millinin baş məşqçisindən asılıdır.

"Bildiyiniz kimi, bu futbolçu Braziliya vətəndaşıdır. Baş məşqçi Flavinyonun xidmətində maraqlı olduğunu bildirərsə, AFFA məsələnin hüquqi tərəfinin həlli, yəni futbolçunun millimizdə çıxış etməsi üçün zəruri olan sənədləşmələrin həyata keçirilməsi istiqamətində fəaliyyətə başlaya bilər. Onu da qeyd edim ki, legioner futbolçuların hər hansı milli komandada çıxış edə bilməsi üçün FİFA tərəfindən irəli sürülən tələblər və prosedur qaydalar mövcuddur", - Məmmədov deyib.

Növbəti mövsüm üçün Azərbaycan milli komandasının baş məşqçisi ilə bağlı AFFA tərəfindən hələ ki qərar qəbul olunmayıb.

Xəbər lenti

Xəbər lenti