Azərbaycan, Bakı, 18 noyabr / Trend müxbir E.Mehdiyev/
Polşa səfirliyi yetkinlik yaşına çatmayan məhkumların asudə vaxtlarının səmərəli təşkil olunmasına yardım göstərib.
Bu məqsədlə Polşanın Azərbaycandakı səfirliyi Penitensiar Xidmətin 4 saylı Tərbiyə Müəssisəsinə 3 kompüter dəsti, kompüter masaları, müvafiq kreslolar və bilyard masası hədiyyə edib.
"Ümid edirəm ki, bu yetkinlik yaşına çatmayan məhkumların təhsili və vaxtlarını səmərəli keçirmək üçün çox faydalı olacaq", - cümə günü jurnalistlərə Polşanın Azərbaycandakı səfiri Mixal Labenda hədiyyənin təqdim olunması zamanı bildirib.
Tədbirdə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev, ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay və Polşa səfirliyinin əməkdaşları iştirak ediblər.