...

Azərbaycanda magistraturaya qəbul imtahanlarının keçirilmə vaxtı dəyişdirilə bilər

Cəmiyyət Materials 21 Noyabr 2011 11:18 (UTC +04:00)
Azərbaycanda ali məktəblərin magistratura pilləsinə qəbul imtahanlarının keçirilmə vaxtı dəyişdirilə bilər.
Azərbaycanda magistraturaya qəbul imtahanlarının keçirilmə vaxtı dəyişdirilə bilər

Azərbaycan, Bakı, 21 noyabr /Trend müxbir İ.İsabalayeva/

Azərbaycanda ali məktəblərin magistratura pilləsinə qəbul imtahanlarının keçirilmə vaxtı dəyişdirilə bilər. Bunu bazar ertəsi Trend-ə TQDK-nın Magistratura üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev deyib.

Onun sözlərinə görə, artıq bir müddətdir ki, Milli Məclisdə magistraturaya qəbul olmaq istəyən bakalavrlara həqiqi hərbi xidmətdən möhlət hüququ verilməsi məsələsi müzakirə edilir.

"Hələ bununla bağlı qərar qəbul olunmayıb. Amma veriləcək qərardan asılı olaraq, imtahanın vaxtı dəyişdirilə bilər. Bakalavrlara hərbi çağırışdan möhlət hüququ verilsə, onda imtahan bir qədər gec keçiriləcək", - Əliyev qeyd edib.

O əlavə edib ki, hazırda bakalavrlara hərbi xidmətdən möhlət hüququ verilmədiyi üçün TQDK imtahanın keçirilməsinə fevralın sonundan başlamağa və iyunun sonlarında magistraturaya qəbul imtahanlarını yekunlaşdırmağa məcbur olur.

TQDK rəsmisi bildirib ki, amma bakalavrlara hərbi xidmətdən möhlət hüququ verilsə, onda imtahanın hər iki mərhələsi bir qədər gec keçiriləcək. Bu halda magistraturaya qəbul imtahanları iyunun sonunda deyil, iyulun sonunda yekunlaşacaq.

Azərbaycanda magistratura üzrə qəbul imtahanları iki mərhələdə aparılır. İlk mərhələ fevralın sonunda keçirilir. Bu mərhələdən keçənlər II mərhələyə buraxılırlar.

TQDK 2012-2013-cü tədris ili üçün magistraturaya qəbul imtahanları ilə bağlı bir sıra yeniliklər də tətbiq edəcək. Magistraturaya növbəti qəbul yeni ixtisaslaşma siyahısı əsasında aparılacaq. Əvvəlki təsnifatda magistratura üzrə 800-ə yaxın ixtisas olduğu halda, indi onların sayı 141-dək enib.

Bundan əlavə, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə magistratura hazırlığı yalnız nəzəri ixtisaslar üzrə aparılacaq.

Xəbər lenti

Xəbər lenti