Azərbaycan, Bakı, 24 noyabr /Trend müxbir T.Cəfərov /
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurası bu gün Məhərrəm ayı ilə bağlı fətva verib. Bu barədə cümə axşamı Trend-ə QMİ-nin mətbuat xidmətindən məlumat verilib.
Fətvaya əsasən, Məhərrəm 1433-cü ilin başlanğıcı - Məhərrəm ayının 1-i miladi təqvimlə 2011-ci il noyabr ayının 27-nə təsadüf edir. Aşura günü 2011-ci il dekabr ayının 6-dadır.
"Aşura günü məscidlərdə, ibadət ocaqlarında ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməli, təziyə məclislərində Kərbala şəhidlərinin ruhuna xütbələr oxunmalıdır", - fətvada deyilir.
Məhərrəm ayı Hicri-qəməri təqvimlə İslam dininin birinci ayıdır. Bu ayın Aşura günündə İmam Hüseyn əleyhissalam və yaxınları Yəzid ibn Müaviyyənin qoşunları tərəfindən qətlə yetirilib.
"Aşura günü zəncir vurub bədənə xəsarət yetirmək yolverilməzdir, müqəddəs məkanlarda nizam-intizam pozulmamalıdır. Son illər təziyə günündə idarənin təşəbbüsü ilə keçirilən qanvermə aksiyaları ən münasib təziyədarlıq nümunəsi kimi örnək olmalıdır", - fətvada qeyd edilir.