...

Bakıda 2468 ədəd qaz sobasının qanunsuz istehsalı faktı ilə əlaqədar cinayət işi açılıb

Cəmiyyət Materials 24 Noyabr 2011 18:28 (UTC +04:00)
Bakıda 2468 ədəd qaz sobasının qanunsuz istehsalı faktı ilə əlaqədar cinayət işi açılıb.
Bakıda 2468 ədəd qaz sobasının qanunsuz istehsalı faktı ilə əlaqədar cinayət işi açılıb

Azərbaycan, Bakı, 24 noyabr /Trend/

Bakıda 2468 ədəd qaz sobasının qanunsuz istehsalı faktı ilə əlaqədar cinayət işi açılıb.

Trend-in cümə axşamı Baş Prokurorluğun rəsmi saytına istinadən yaydığı məlumata görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən aparılmış yoxlama zamanı müəyyən edilib ki, fiziki şəxs Mehran Manoucheri Ahmad İran İslam Respublikasından qaz sobaları üçün ehtiyat hissələri gətirərək paytaxtın Nərimanov rayonu ərazisində icarəyə götürdüyü anbarda onların yığımını həyata keçirib və üzərilərinə qanunsuz olaraq əmtəə nişanları bərkitməklə İİR-də istehsal olunmuş mal kimi satışını təşkil edib. Anbara baxış zamanı 387 ədəd "SHAREGH TOOS", 32 ədəd "TEKSAN HAZAR" əmtəə nişanlı istilik qaz sobaları, 132 ədəd həmin sobalara aid reduktor, əmtəə nişanları və sair əşyalar aşkar edilib.

Cari ilin sentyabr-noyabr aylarında həmin şəxs tərəfindən istehsal olunmuş qaz sobalarından satış məqsədi ilə paytaxtda fəaliyyət göstərən ticarət müəssisələrinə göndərilmiş 2468 ədəd sobanın satışdan çıxarılması istiqamətində komitə tərəfindən müvafiq tədbirlər görülür.

Fakta görə Bakı şəhər prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 197 (əmtəə nişanlarından qanunsuz istifadə etmə), 200 (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Sentyabr-noyabr aylarında Bakı şəhərində vətəndaşların ölümü və xəsarət almaları ilə nəticələnmiş dəm qazından zəhərlənmə və qaz partlayışı hadisələrinin sayı artıb.

Qeyd edilən müddətdə Binəqədi rayonu üzrə bu xarakterli 4, Yasamal rayonu üzrə 3, Nərimanov və Xətai rayonlarının hər biri üzrə 2, Nəsimi, Sabunçu və Səbail rayonlarının hər biri üzrə isə 1 hadisə qeydə alınmaqla nəticədə 15 nəfər ölüb, 7 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Həmin faktlarla əlaqədar müvafiq rayon prokurorluqlarında cinayət işləri başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti