Azərbaycan, Lənkəran, 25 noyabr /Trend, müxbir A.Salmanov/
Noyabrın 24-ü səhər saatlarından cənub bölgəsində yağmağa başlayan qar ucqar dağ rayonu Lerikin 60-a yaxın kəndində enerjinin kəsilməsinə səbəb olub. Bu barədə Trend-in bölgə müxbirinə Lerik rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov məlumat verib.
O bildirib ki, aramsız yağan qar nəticəsində onlarla elektrik dirəyi aşıb və naqillər qırılıb.
Bu gün günorta saatlarınadək 15-ə yaxın kənddə enerji verilişi bərpa edilib. Axşama qədər digər kəndlərdə də enerji probleminin aradan qaldırılması üçün rayon elektrik şəbəkəsinin işçiləri səfərbər olunublar.
Lənkəran Regional Hidrometeorologiya Müəssisəsindən bildirilib ki, qarın qalınlığı Lerikdə 60, dağlıq ərazilərdə 66-70 sm, Lənkəranda 40 sm, Astara və Yardımlıda 25-30 sm təşkil edib. Ötən gecə Lerikdə 10, yüksək dağlıq ərazilərə 12, Lənkəranda - 1-6 dərəcə şaxta olub. Bu gecə şaxtanın daha da artacağı proqnozlaşdırılır.
Hazırda cənub bölgəsində qar səngiyib, günəşli hava hökm sürür.