...

Azərbaycanda dekabr ayı üçün hava proqnozu açıqlanıb

Cəmiyyət Materials 2 Dekabr 2011 14:36 (UTC +04:00)
Dekabr ayında Azərbaycan ərazisində havanın orta aylıq temperaturunun iqlim norması daxilində tərəddüd edəcəyi gözlənilir.
Azərbaycanda dekabr ayı üçün hava proqnozu açıqlanıb

Azərbaycan, Bakı, 2 dekabr / Trend müxbir İ.İsabalayeva/

Dekabr ayında Azərbaycan ərazisində havanın orta aylıq temperaturunun iqlim norması daxilində tərəddüd edəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva cümə günü Trend-ə deyib ki, dekabrın III ongünlüyündə temperaturun aşağı enəcəyi ehtimalı var. Yağıntıların respublika ərazisində qeyri-bərabər paylanması gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı proqnozlaşdırılır.

Dekabr ayı ərzində Bakı və Abşeron yarımadasında orta aylıq temperaturun 7-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2-6 dərəcə, gündüzlər 8-13 dərəcə isti təşkil edəcək, III ongünlüyün bəzi günlərində gündüz temperaturun 3-7 dərəcəyə düşəcəyi gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 24-34 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperatur 0-3 dərəcə isti olacaq ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 8-13 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 5-10 dərəcə isti olacaq, III ongünlüyün bəzi günlərində 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 14-35 mm) olacağı gözlənilir.

Yuxarı Qarabağ - Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy zonalarında orta aylıq temperaturun 0-3 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 27-53 mm) olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər, Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl zonalarında orta aylıq temperatur 4-6 dərəcə isti olacaq ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 13-16 mm) olacağı gözlənilir.

Balakən-Zaqatala- Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı- Şamaxı-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz zonalarında orta aylıq temperaturun 2-4 dərəcə isti olacaq ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 24-48 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacaq.

Mərkəzi-Aran - Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 5-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 16-32 mm), bəzi yerlərdə normadan bir qədər çox olacaq.

Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı zonasında orta aylıq temperaturun 5-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 58-106 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti