...

Misir Mərdanov: Müəllimlərin saxta diplomla işə düzəlməsində günahı olan bütün şəxslər cəzalanacaq

Cəmiyyət Materials 5 Dekabr 2011 13:58 (UTC +04:00)
Azərbaycanın orta məktəblərində müəllimlərin saxta diplomla işə düzəlməsində günahı olan bütün şəxslər cəzasını alacaq.
Misir Mərdanov: Müəllimlərin saxta diplomla işə düzəlməsində günahı olan bütün şəxslər cəzalanacaq

Azərbaycan, Bakı, 5 dekabr / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanın orta məktəblərində müəllimlərin saxta diplomla işə düzəlməsində günahı olan bütün şəxslər cəzasını alacaq. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Azərbaycanın təhsil naziri Misir Mərdanov deyib.

Misir Mərdanov şənbə günü keçirilən kollegiya iclasında bildirib ki, bu gün Azərbaycanda 150 mindən çox müəllim işləyir. Onların üçdə biri, yəni 58 min nəfərindən çoxunun təhsil sənədi ilə bağlı araşdırma aparılıb. Araşdırmalar nəticəsində orta məktəblərdə saxta diplomla 455 nəfərin işlədiyi məlum olub. Həmin şəxslər işdən azad ediliblər.

Nazir qeyd edib ki, yaxın zamanlarda təsdiqlənməsi gözlənilən Təhsil Strategiyasında bir çox yeniliklər olacaq.

Mərdanovun sözlərinə görə, bu sənəd əsasında təhsilin bütün pillələri və səviyyələrində dünyanın inkişaf etmiş ölkələrində tətbiq olunan məsələlər tətbiq olunacaq.

"Müəllim seçimi, təhsilin infrastrukturunun yenidən qurulması, ali təhsil, xaricdə təhsil, peşə təhsili, məktəbəqədər təhsil müəssisələri, təhsilin maliyyələşdirilməsi ilə bağlı çox ciddi addımların atılacağı gözlənilir. Proqram təsdiqləndikdən sonra onun işlək mexanizmi hazırlanacaq. Ondan sonra bu barədə daha geniş danışmaq olar", - nazir əlavə edib.

Xəbər lenti

Xəbər lenti