...

Azərbaycanda lisenziyasız mehmanxanalarla bağlı ciddi tədbirlər görüləcək

Cəmiyyət Materials 13 Dekabr 2011 16:24 (UTC +04:00)
Gələn ilin əvvəlindən ölkədə lisenziyasız fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərlə bağlı ciddi tədbirlər görüləcək.
Azərbaycanda lisenziyasız mehmanxanalarla bağlı ciddi tədbirlər görüləcək

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Gələn ilin əvvəlindən ölkədə lisenziyasız fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərlə bağlı ciddi tədbirlər görüləcək. Bunu bazar ertəsi Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin Tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun müdiri Rəhman Oruclu deyib.

Onun sözlərinə görə, ölkədəki lisenziyasız mehmanxana və mehmanxana tipli obyektlərə lisenziyalaşdırılma üçün ilin sonunadək vaxt verilib. Hazırda ölkədə lisenziyasız fəaliyyət göstərən bütün mehmanxana və mehmanxana tipli obyektlər lisenziyalaşdırılmaya cəlb edilir.

Ölkədə 315 mehmanxana və mehmanxana tipli obyektin lisenziya ilə fəaliyyət göstərdiyini deyən nazirlik rəsmisi hesab edir ki, ilin sonunadək lisenziya alan mehmanxana və mehmanxana tipli obyektlərin sayında kəskin şəkildə artım olacaq.

"Onların hələlik ilin sonuna kimi vaxtları var. Şəraitləri minimal tələblərə belə uyğun olmadığı üçün bəzi obyektlərə nazirlik tərəfindən lisenziya verilmir. Amma normal fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlər lisenziyalaşdırılma üçün sənədlərini hazırlayırlar. Onların sənədlərinə baxılacaq. İlin sonunadək lisenziya alan mehmanxana və mehmanxana tipli obyektlərin sayında kəskin şəkildə artım olmalıdır", - Oruclu bildirib.

Onun sözlərinə görə, lisenziyasız mehmanxana və mehmanxana tipli obyektlərin çoxu Nabrandadır. Hazırda onların da çoxu qış mövsümü olduğu üçün işləmir.

"Hazırda qış mövsümü olduğu üçün işləyən obyektlərin sayı azalıb. Amma yay aylarında onlar yenidən işləyəcəklərsə, təbii ki, tədbir görüləcək", - Oruclu qeyd edib.

Bakı şəhərinə gəldikdə isə, nazirlik rəsmisinin sözlərinə görə, paytaxtda lisenziyasız mehmanxana və mehmanxana tipli obyektlər demək olar ki, yoxdur.

Oruclu bildirib ki, Bakı və Abşeronda 115 mehmanxana və mehmanxana tipli obyekt lisenziya ilə fəaliyyət göstərir.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilin sonunadək ölkədə qanunsuz fəaliyyət göstərən turizm obyektlərinə qarşı ciddi tədbirlərin görülməsi məqsədilə tapşırıqlar verib.

Bu ilin I yarısına olan məlumata görə, ölkədə 504 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti