Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir M.Əliyev/
Azərbaycan bir çox parametrlər üzrə öz mütərəqqi idarəetmə formullarının tətbiqinə hazırlaşır. Trend-in məlumatına görə, bu barədə iqtisadçı Aydın Hüseynovun "Xalq qəzeti"nin cümə axşamına olan sayında dərc olunmuş "Zənginliyə, tərəqqiyə və yüksək rifah cəmiyyətinə doğru..." adlı məqaləsində bildirir.
Məqalədə qeyd olunur ki, Prezident İlham Əliyevin müəllifi olduğu "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf konsepsiyası yeni dövrün sosial-iqtisadi və makroinkişaf çağırışlarının reallaşması üçün fundamental baza sənədi hesab oluna bilər.
"Azərbaycanın qarşıdakı sosial-iqtisadi inkişaf platforması və makroiqtisadi ssenarisi innovativ iqtisadiyyata keçidi uğurla başa çatdırmaqdan ibarətdir. İnkişaf konsepsiyası yeni onilliyin sosial-iqtisadi, ictimai-siyasi, elmi-mədəni, humanitar sektorlarında həyata keçirilməsi hədəf seçilən tədbirlərin müəyyənləşdirilməsini nəzərdə tutur", - məqalədə deyilir.
Müəllif qeyd edir ki, qarşıdakı dövrün ssenarisi çox nikbin və daha irəliyə baxmaq üçün stimulvericidir.
"Dünyada orta gəlirli ölkə statusuna malik olmaqla Azərbaycan iqtisadi sıçrayışları, maliyyə zənginliyi, yüksək sosial inkişaf indikatorları ilə yeni milli modelin tətbiqinə hazırlaşır", - məqalədə qeyd olunur.
İqtisadçı hesab edir ki, hazırda iqtisadi siyasətin başlıca mahiyyəti yaxın illərdə respublikamızın "orta gəlirli ölklələr" şkalasındakı daha pozitiv indikatorlara çatmasından ibarətdir.