...

"Kaspi" qəzetinin 130 illiyi ilə bağlı elmi-praktik konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 27 Dekabr 2011 13:53 (UTC +04:00)
"Kaspi" qəzetinin 130 illiyi ilə bağlı elmi-praktik konfrans keçirilib
"Kaspi" qəzetinin 130 illiyi ilə bağlı elmi-praktik konfrans keçirilib (FOTO)

Azərbaycan, Bakı, 27 dekabr / Trend müxbir M.Əliyev/

Beynəlxalq Mətbuat Mərkəzində çərşənbə axşamı "Kaspi" qəzetinin 130 illiyi ilə bağlı elmi-praktik konfrans keçirilib. Konfransda "Kaspi" qəzetinin 130 illiyi ilə bağlı keçirilmiş elmi məqalələr müsabiqəsinin nəticəsi olaraq çap edilən "Üç əsrin qəzeti" kitabının təqdimatı baş tutub.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, cəmiyyətdə ictimai fikrin formalaşmasında qəzet əsas rol oynayır.

O bildirib ki, "Əkinçi" qəzeti maarifçilik ideyalarını yaymaqla mətbuatın təməlini qoydu və sonradan bu ənənələri "Kaspi" qəzeti yaşatdı.

"Kaspi" 10 minlik nüsxə ilə dövrünün ən tirajlı qəzeti olaraq yalnız Azərbaycanda deyil, Rusiyada, Yaxın Şərq ölkələrində yayılırdı", - Amaşov deyib.

Onun sözlərinə görə, "Kaspi" qəzetinin səhifələrində dərc edilən məqalələrində dövrün ziyalıları - Əlimərdan bəy Topçubaşov, Həsən bəy Zərdabi, Məhəmməd Şahtaxlı, Əhməd Ağaoğlu, Ceyhun və Üzeyir Hacıbəylilər və digərləri Azərbaycan xalqının maarifçiliyinə xidmət ediblər.

"Hazırda da 1999-cu ildən təkrar dərc olunmağa başlayan "Kaspi" qəzeti ictimai fikrə təsir göstərən qəzetdir. Qəzeti sələfi olan "Kaspi"yə bağlayan xüsusiyyətlərdən biri də Azərbaycan mədəniyyət nümunələrinə xüsusi yer ayırmasıdır", - Şura sədri deyib.

"Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva konfransda bildirib ki, qəzetin 130 illiyi münasibətilə elan edilən elmi araşdırmalar müsabiqəsi "Kaspi" qəzetinin tarixinin maraqlı məqamlarını üzə çıxarıb.

Vəliyeva deyib ki, "Əkinçi" öz fəaliyyətini dayandırdıqdan sonra Həsən bəy Zərdabi öz ideyalarını "Kaspi"də həyata keçirdi və gənc istedadları oraya topladı. "Qəzet 1881-ci ildən 1919-cu ilədək fasiləsiz fəaliyyət göstərərək bütün düşüncə sahiblərini ətrafına toplaya bildi. 1897-ci ildə "Kaspi" mətbəəsi Hacı Zeynalabdin Tağıyev tərəfindən alınaraq azərbaycançılıq məfkurəsinin mərkəzinə çevrildi", - o deyib.

Vəliyeva qeyd edib ki, "Kaspi"nin fəaliyyətinin böyük bir mərhələsi Əhməd Ağaoğlunun yaradıcılığı ilə dərin məzmun qazanıb.

"Xüsusilə 1897-ci ildən sonra qəzet bütövlükdə milli düşüncə sahiblərinin tribunasına çevrildi", - o deyib.

Vəliyeva bildirib ki, "Kaspi" qəzeti rus dilində çıxmasına baxmayaraq, milli qəzet olaraq xalqın milli təfəkkürünün oyanmasında, milli azadlıq hərəkatında, Xalq Cümhuriyyətinin yaranmasında Azərbaycan ziyalılarının təfəkkür mərkəzi rolunu oynadı.

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib ki, bu gün "Kaspi" qəzeti öz sələfinin xəttini tutub. Səfərli qeyd edib ki, "Üç əsrin qəzeti"ndə 32 tədqiqatçının elmi məqaləsi yer alıb. "Bu cür kitab həm jurnalistlər, həm digər peşə sahibləri üçün Azərbaycan jurnalistikası tarixini öyrənmək baxımından önəmlidir", - o deyib.

Konfrans çərçivəsində tədqiqatçılar Səmayə Mövlayeva, Cahangir Məmmədli "Kaspi" qəzetinin keçdiyi tarixi yola nəzər salaraq öz fikirlərini bildiriblər.

Tədbirdə 12 məqalə müəllifi 300 manat pulla mükafatlandırılıb, digər müəlliflər isə kiçik həcmli pul mükafatları ilə mükafatlandırılıblar.

Xəbər lenti

Xəbər lenti