...

Türkiyədə Kürün suyundan SES-də istifadənin Azərbaycan ərazisinə təsiri açıqlanıb

Cəmiyyət Materials 28 Dekabr 2011 16:12 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Türkiyədə Kürün suyundan su elektrik stansiyasında (SES) istifadə edilməsinin Azərbaycan ərazisinə təsirini açıqlayıb.
Türkiyədə Kürün suyundan SES-də istifadənin Azərbaycan ərazisinə təsiri açıqlanıb

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Türkiyədə Kürün suyundan su elektrik stansiyasında (SES) istifadə edilməsinin Azərbaycan ərazisinə təsirini açıqlayıb.

Nazirliyin Ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin sektor müdiri Mütəllim Əbdülhəsənov çərşənbə günü Trend-ə bildirib ki, Türkiyə öz dövlətçilik hüququndan istifadə edərək təbii su ehtiyatlarından bir hissəsini öz kənd təsərrüfatı və energetika ehtiyaclarını ödəmək üçün istifadə etmək fikrindədir.

Türkiyədə tikintisi planlaşdırılan "Beşikkaya" SES-in işləməsi üçün Kür çayının suyundan istifadə edilməsi gözlənilir.

"Bununla bağlı azərbaycanlı mütəxəssislərin iştirakı ilə Türkiyədə araşdırmalar aparılıb və Ərdahan bölgəsində həyata keçiriləcək layihənin xüsusiyyətləri müəyyən olunub. Bu bölgədə formalaşan su ildə 1 mlrd. kubmetrə yaxındır ki, bu da Gürcüstana ötürülür. Türkiyə bu həcmin yalnız 285 milyon kubmetrini öz məqsədləri üçün istifadə etmək fikrindədir", - o deyib.

Həsənovun sözlərinə görə, hazırda layihənin texniki-iqtisadi əsaslandırılması hazırlanır. Layihənin həyata keçirilməsi Türkiyə hökuməti tərəfindən dəstəklənir.

"Azərbaycana Gürcüstan sərhədindən Kür çayı vasitəsilə daxil olan sular ildə 8,7 mlrd kubmetrdir. Kür çayının ümumi illik su ehtiyatları isə 26,9 mlrd kubmetrdir. Götürüləcək 285 mln kubmetr su Gürcüstandan daxil olan ümumi suyun cəmi 3 faizini təşkil edir ki, bunun da Azərbaycanın su ehtiyatlarına, onun ekosisteminin digər sahələrinə heç bir mənfi təsiri gözlənilmir", - nazirlik nümayəndəsi deyib.

Xəbər lenti

Xəbər lenti