...

Ötən ay Azərbaycandan 1000-dən çox əcnəbi çıxarılıb

Cəmiyyət Materials 6 Yanvar 2012 15:28 (UTC +04:00)
Ötən ay Azərbaycan Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən ölkədən 1047 əcnəbi çıxarılıb.
Ötən ay Azərbaycandan 1000-dən çox əcnəbi çıxarılıb

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Ötən ay Azərbaycan Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən ölkədən 1047 əcnəbi çıxarılıb.

DMX-dən cümə günü Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən qanunsuz miqrasiyanın, o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarının pozulması hallarının aşkar edilərək qarşısının alınması məqsədilə müvafiq tədbirlər həyata keçirilib.

Keçirilmiş tədbirlər nəticəsində dekabr ayında 1247 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.

Onlardan 200 nəfərin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 870 əcnəbi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş qaydada 48 saat ərzində ölkəni tərk etmə, 177 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul edilib.

Dekabr ayı ərzində DMX-yə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 5842 müraciət daxil olub.

Müraciətlərin hər biri ayrı-ayrılıqda ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti