...

Azərbaycanda dövlət sifarişi əsasında tələbə qəbulunun proqnozunun təsdiqlənmə tarixi dəyişdirildi

Cəmiyyət Materials 13 Yanvar 2012 13:13 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında" 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarında dəyişiklik edib.
Azərbaycanda dövlət sifarişi əsasında tələbə qəbulunun proqnozunun təsdiqlənmə tarixi dəyişdirildi

Azərbaycan, Bakı, 13 yanvar / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Nazirlər Kabineti "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında" 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarında dəyişiklik edib.

Nazirlər Kabinetindən cümə günü Trend-ə verilən məlumata görə, hər il üçün ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə dövlət sifarişi İqtisadi İnkişaf Nazirliyinin aidiyyəti sahə nazirlikləri ilə razılaşdırılmış təklifləri əsasında müəyyənləşdirilir.

Yeni qərara əsasən, İqtisadi İnkişaf Nazirliyinin Maliyyə Nazirliyi və aidiyyəti sahə nazirlikləri ilə növbəti il üçün razılaşdırılmış təklifləri hər il mayın 1-dək (yeni dəyişiklik edilənədək bu tarix iyunun 1-dək idi) Nazirlər Kabinetinə təqdim edilməlidir.

Razılaşdırılmış təkliflər əsasında Nazirlər Kabineti növbəti il üçün ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə dövlət sifarişi əsasında tələbə qəbulunun proqnozunu hər il iyulun 1-dək (əvvəl iyulun 20-dək) təsdiq etməlidir.

Dövlət sifarişində iştirak etmək istəyən özəl ali təhsil müəssisələri növbəti il üçün təkliflərini hər il aprelin 1-dək (əvvəl mayın 1-dək) Təhsil Nazirliyinə təqdim etməlidirlər. Təkliflərdə özəl ali təhsil müəssisəsinin dövlət sifarişində hansı ixtisaslar üzrə iştirak edə biləcəyi qeyd olunmalıdır.

Xəbər lenti

Xəbər lenti