...

Bakı Şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanseri ləğv edilərək bazasında yeni mərkəz yaradılıb

Cəmiyyət Materials 18 Yanvar 2012 14:11 (UTC +04:00)
Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində olan Bakı Şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanseri ləğv edilib və onun bazasında Psixi Sağlamlıq Mərkəzi yaradılıb.
Bakı Şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanseri ləğv edilərək bazasında yeni mərkəz yaradılıb

Azərbaycan, Bakı, 18 yanvar / Trend müxbir İ.İsabalayeva/

Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində olan Bakı Şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanseri ləğv edilib və onun bazasında Psixi Sağlamlıq Mərkəzi yaradılıb.

Psixi Sağlamlıq Mərkəzinin direktoru Zəfər Əliyev çərşənbə günü Trend-ə bildirib ki, mərkəz respublika əhəmiyyətli müəssisədir.

Bakı Şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanseri əvvəl Bakı Baş Səhiyyə İdarəsinin tabeliyində olsa da, Psixi Sağlamlıq Mərkəzi Səhiyyə Nazirliyinin tabeliyində olacaq.

Çoxfunksiyalı Psixi Sağlamlıq Mərkəzində xəstələrə daha çox ambulator şəkildə yardım göstəriləcək. Eyni zamanda, burada müraciət edənlərə müxtəlif formada psixoloji yardımlar göstəriləcək, xəstələrin reabilitasiyası aparılacaq. Mərkəzə yalnız ciddi psixi pozuntuları olan şəxslər deyil, stress keçirən və ya psixoloji durumu gərgin olan şəxslər də müraciət edə bilərlər.

"Məsələn, kiminsə başına bədbəxt hadisə gəlibsə, yaxın adamını itiribsə və ona psixoloji yardım lazımdırsa, belə hallarda bizə müraciət edə biləcək. Bunun üçün bizdə kliniki psixoloq kimi yeni vəzifələr yaradılıb", - direktor qeyd edib.

O bildirib ki, mərkəzdə "İnam telefonu" yaradılacaq. Hər hansı problemi olan insan "İnam telefonu"na zəng edə və yardım ala bilər. Mərkəzdə bütün xidmətlər müasir səviyyələrə uyğun göstəriləcək. PSM dövlət müəssisəsi olduğu üçün burada göstərilən xidmətlər ödənişsiz olacaq.

Bununla yanaşı, Psixi Sağlamlıq Mərkəzində elmi tədqiqat işlərinin aparılması və həkimlərin ixtisasının artırılması da mümkün olacaq. Mərkəzdə Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrası və Həkimlərin Təkmilləşdirilməsi İnstitutunun psixiatriya və narkologiya kafedrası fəaliyyət göstərəcək.

Əliyev yaxın vaxtlarda Mərkəzdə işə qəbul üçün müsabiqənin elan ediləcəyini də söyləyib.

Xəbər lenti

Xəbər lenti