Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir E.Mehdiyev/
Bu il Azərbaycan dramaturgiyasının banisi, XIX əsr Azərbaycan ictimai-siyasi fikrinin ən görkəmli nümayəndələrindən biri Mirzə Fətəli Axundovun (1812-1878) anadan olmasının 200 illiyi tamam olur.
Azərbaycanın Macarıstandakı səfirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, səfirlik beynəlxalq miqyasda qeyd edilən bu mühüm mədəni hadisəyə öz töhfəsini verərək böyük ədibin bədii əsərlərinin macar dilində nəşri ilə bağlı layihə həyata keçirir.
Axundovun altı komediyasını və "Aldanmış kəvakib" povestini orijinaldan macar dilinə azərbaycanşünas-alim, Budapeştdəki Etvöş Lorand Universitetinin müəllimi Mariya Keneşi tərcümə edir.
Bakı Dövlət Universitetini Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bitirən Mariya Keneşi "Macarca-azərbaycanca danışıq kitabçası", "Gəlin Azərbaycan dilində danışaq" (professor Kamal Abdulla ilə birlikdə) kitablarının müəllifi, Cəlil Məmmədquluzadənin ötən il macar dilində çap olunan "Seçilmiş hekayələr"inin tərcüməçisidir.
Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev kitaba "Yeni Azərbaycan ədəbiyyatının banisi" adlı müqəddimə yazıb.