...

Mərkəzi Bankda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Cəmiyyət Materials 19 Yanvar 2012 17:49 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının (AMB) kollektivi 20 Yanvar faciəsinin 22-ci ildönümü münasibətilə keçirdiyi toplantıda şəhidlərin xatirəsini ehtiramla yad edib.
Mərkəzi Bankda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Azərbaycan Mərkəzi Bankının (AMB) kollektivi 20 Yanvar faciəsinin 22-ci ildönümü münasibətilə keçirdiyi toplantıda şəhidlərin xatirəsini ehtiramla yad edib. Tədbirdə tariximizin ən qanlı hadisələrindən biri olan 20 Yanvar faciəsinin həm də Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsinin şanlı bir səhifəsi olduğu vurğulanıb.

AMB-dən cümə axşamı Trend-ə verilən məlumata görə, toplantı iştirakçıları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet dövlətinin hərbi maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi amansız terror aktını insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndiriblər. Tədbirdə qeyd olunub ki, müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan dinc əhaliyə divan tutulması, günahsız insanların qətlə yetirilməsi totalitar sovet rejiminin cinayətkar mahiyyətini bir daha bütün dünyaya nümayiş etdirib.

Bu dövrdə yaşanan çətinliklərə nəzər salınaraq, ölkənin informasiya blokadasına alındığı bildirilib və bu informasiya blokadasını ilk olaraq ümummilli lider Heydər Əliyevin yardığı xüsusilə qeyd olunub. 1990-cı ildə məhz Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham edən, ifşaedici cəsarətli bəyanat verib. 20 Yanvar faciəsinə əsl siyasi-hüquqi qiymət də 1994-cü ildə ümummilli lider Heydər Əliyevin qətiyyəti, cəsarəti və müdrikliyi sayəsində verilib. Ümummilli liderin uzaqgörən daxili və xarici siyasəti nəticəsində dövlət quruculuğu geniş vüsət alıb, iqtisadiyyat dirçəlməyə başlayıb, güclü ordumuz formalaşıb, Dağlıq Qarabağ problemində beynəlxalq aləmdə haqq səsimiz eşidilməyə başlanıb. Bu siyasət Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan Cənubi Qafqazda hərbi-siyasi və iqtisadi güc mərkəzinə çevrilib.

Tədbirin sonunda isə Mərkəzi Bank əməkdaşlarına 20 Yanvar faciəsinə həsr edilmiş film nümayiş etdirilib və bir daha vurğulanıb ki, xalqımızın həmin faciədə çəkdiyi iztirablara, verdiyi qurbanlara, yaşadığı qanlı faciəyə baxmayaraq, 20 Yanvar bizim təkcə faciə günümüz yox, həm də tariximizin şərəfli səhifəsidir.

Xəbər lenti

Xəbər lenti