...

Sərt qış İraqda həyatı iflic edib

Cəmiyyət Materials 23 Yanvar 2012 10:31 (UTC +04:00)
Sibirdən daxil olan hava kütləsinin təsiri altında İraqın şimal və mərkəzi vilayətlərində görünməmiş soyuq hava şəraiti bərqərar olub.
Sərt qış İraqda həyatı iflic edib

Azərbaycan, Bakı, 23 yanvar /Trend /

Sibirdən daxil olan hava kütləsinin təsiri altında İraqın şimal və mərkəzi vilayətlərində görünməmiş soyuq hava şəraiti bərqərar olub. Bazar günü gecə temperatur mənfi 5 dərəcə olub, gündüz isə sıfır dərəcədən yuxarı qalxmayıb. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.

50 dərəcə istiyə adət etmiş ölkədə həyat demək olar ki, tam iflic olub. Bağdad küçələri boşalıb. Hətta arabalarda meyvə-tərəvəz satan alverçilərə, küçələrdə maşınlara rast gəlmək olmur.

İraqın şimalında yerləşən Süleymaniyyə və Dahuq vilayətlərindəki dağ kəndləri qarın altında qalıb. Paytaxt Bağdadda isə adamlar qızınmaq üçün ağ neftlə işləyən sobalarına yanacaq axtarırlar. Sobalar evlərdə soyuqdan yeganə xilasdır. Belə ki, paytaxtda elektrik enerjisi sutkanın cəmi 3-4 saatı verilir.

"Evlərimiz soyuq deyil, isti hava şəraiti nəzərə alınaraq tikilib - böyük pəncərələr, çoxlu eyvanlar. Qızdırıcı sistem olmadan bu beton qutularda hətta isti paltar da xilas etmir. Soyuqdan xüsusilə uşaqlar əziyyət çəkirlər", - Bağdad sakini Əbu Samir deyir.

Dünən valideynləır İraqın Maarif Nazirliyinə məktəblərdəki imtahanların təxirə salınması xahişi ilə müraciət ediblər. Lakin hökumət məktəblərin əksəriyyətinin qızdırılmamasına baxmayaraq onlara müsbət cavab verməyib. Pəncərə və qapıların çoxu sınıqdır.

İraqın meteoroloji xidmətinin nümayəndəsi Salman əl-Əsmayi bazar günü bəyan edib ki, ölkədə soyuq hava şəraiti hələ iki həftə davam edəcək.

Xəbər lenti

Xəbər lenti