...

Ötən il Azərbaycanda qəzetlərə 1 300 000 manata yaxın vəsait ayrılıb (FOTO)

Cəmiyyət Materials 25 Yanvar 2012 18:53 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Ötən il Azərbaycanda qəzetlərə 1 300 000 manata yaxın vəsait ayrılıb (FOTO)

Azərbaycan, Bakı, 25 yanvar /Trend/

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Fonddan çərşənbə günü Trend-ə verilən məlumata görə, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli qurumun 2011-ci ildəki fəaliyyətinin yekunları barədə geniş məlumat verib. 2011-ci ildə Fonda dövlət büdcəsindən 2 406 984 manat maliyyə vəsaitinin ayrıldığını xatırladan Səfərli qəzet layihələrinin və fərdi jurnalist yazıları müsabiqələrinin qaliblərinin maliyyələşdirilməsi prosesinin lazımi səviyyədə həyata keçirildiyini deyib.

İcraçı direktor Fond tərəfindən 2011-ci ilin birinci yarısında 23 qəzetə 596 min manat, ikinci yarısında isə 29 qəzetə 681 min manat vəsaitin ayrıldığını bildirib. O, il ərzində "Azərbaycan teleməkanında ədəbi dilin qorunması" layihəsinin maliyyələşdirilməsinə 30 min manat vəsaitin ayrıl¬dığını qeyd edib.

Ümumilikdə, ötən il KİV layihələrinin maliyyələşdirilməsinə Fondun büdcəsindən 1 306 333 manat vəsait ayrılıb. Eyni zamanda, yalnız Fondun maliyyə vəsaiti hesabına Novruz bayramı, Azərbaycan Milli Mətbuatının yaranmasının 136-cı ildönümü, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin 70 nəfər qalibinə 70 min manat pul mükafatı və xüsusi diplomlar verilib.

Eyni zamanda, Fondun Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə keçirdiyi müsabiqənin nəticələrinə əsasən 30, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə keçirdiyi müsabiqənin nəticələrinə əsasən 31, Nərimanov Rayon İcra Hakimiyyəti ilə keçirdiyi müsabiqənin nəticələrinə əsasən 11 nəfər jurnalist qalib elan olunub. Ümumilikdə, Fondun tək və müvafiq dövlət qurumları ilə birlikdə keçirdiyi müsabiqələrdə 142 nəfər jurnalist mükafatlandırılıb.

İclasda Müşahidə Şurasının üzvləri müzakirələrdən sonra Fondun 2012-ci il üçün Tədbirlər Proqramını yekdilliklə təsdiq ediblər.

Xəbər lenti

Xəbər lenti