...

Bakıda dəm qazından zəhərlənənlərin sayı iki dəfəyədək artıb

Cəmiyyət Materials 26 Yanvar 2012 11:12 (UTC +04:00)
Ötən il ərzində Bakıda dəm qazından zəhərlənənlərin sayı iki dəfəyə yaxın artıb.
Bakıda dəm qazından zəhərlənənlərin sayı iki dəfəyədək artıb

Azərbaycan, Bakı, 26 yanvar / Trend müxbir İ.İsabalayeva/

Ötən il ərzində Bakıda dəm qazından zəhərlənənlərin sayı iki dəfəyə yaxın artıb.

Bunu cümə axşamı Trend-ə Bakı Baş Səhiyyə İdarəsinin baş toksikoloqu, Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinin həkimi İsmayıl Əfəndiyev deyib.

Onun sözlərinə görə, keçən il ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə dəm qazından zəhərlənən 685 nəfər xəstə daxil olub. Bu, 2010-cu ilə nisbətən 300 nəfər çoxdur.

Əfəndiyev bildirib ki, əslində, dəm qazından zəhərlənmə halları daha çox olub. Qeyd edilən rəqəm yalnız xəstəxanaya zəhərlənmə diaqnozu ilə daxil olanların sayıdır.

Bakının baş toksikoloqu zəhərlənmə hallarının baş verməsində daha çox insanların özlərini günahkar sayıb. O bildirib ki, insanlar elementar təhlükəsizlik qaydalarına riayət etmirlər, yaşadıqları binaların tüstü bacalarının vəziyyətini vaxtlı-vaxtında yoxlamırlar.

Əfəndiyevin sözlərinə görə, qızdırıcı qaz cihazı olan istənilən evdə hökmən xüsusi qaz detektoru olmalıdır. Amma qiymətinin çox ucuz olmasına baxmayaraq, Azərbaycanda bu cihazdan geniş istifadə edilmir.

"Detektorlar Azərbaycandakı evlərin demək olar ki, heç 1 faizində də yoxdur. Detektor qaz sızması olanda və ya havada dəm qazının konsentrasiyası çoxalanda dərhal siqnal verir və bununla da baş verə biləcək təhlükənin qarşısının alınmasına imkan yaradır", - Əfəndiyev əlavə edib.

Onun sözlərinə görə, detektordan digər ölkələrdə geniş istifadə edilir. Ona görə də xarici ölkələrdə dəm qazından zəhərlənmə halları az, Azərbaycanda isə çox baş verir.

Əfəndiyev qeyd edib ki, ötən il ümumilikdə Toksikologiya Mərkəzinə müxtəlif növ zəhərlənmələrlə əlaqədar 2442 xəstə daxil olub. Onların 33-35 faizini dərmanlardan zəhərlənənlər təşkil edib. Əvvəlki illərlə müqayisədə ötən il dərmanlardan zəhərlənmə halları ilə bağlı statistik rəqəmlərdə nəzərəçarpan dəyişiklik baş verməyib.

Ötən il ərzində paytaxtda 100-ə yaxın şəxs alkoqol və narkotiklərdən zəhərlənib. Bu göstərici, demək olar ki, əvvəlki illərlə eynidir.

Toksikoloqun sözlərinə görə, 1990-cı illərin sonu və 2000-ci illərin əvvəlində keyfiyyətsiz alkoqol içkilər satıldığı və narkotik vasitələrin qanunsuz dövriyyəsinə nəzarət çox zəif olduğu üçün alkoqol və narkotiklərdən zəhərlənmələr daha çox olub. Amma son illər bu növ zəhərlənmələrin sayı azalıb. Alkoqol və narkotiklərdən zəhərlənənlər arasında kişilər üstünlük təşkil edir. Amma ümumilikdə zəhərlənənlər arasında qadınlar, xüsusilə də 20-30 yaşlı qadınlar çoxluq təşkil edir.

Ötən il ərzində Bakıda zəhərlənmədən ölüm halları azalıb. Əfəndiyev ölüm hallarının azalmasının səbəbini tibbi xidmətin daha yaxşı və vaxtında göstərilməsi ilə əlaqələndirib.

Xəbər lenti

Xəbər lenti