...

Bakıda eurovision.az saytının təqdimatı keçirilib (FOTO)

Cəmiyyət Materials 26 Yanvar 2012 17:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir E.Mehdiyev/

"Eurovision 2012" mahnı müsabiqəsi çərçivəsində "Euroklub", "Eurovillage" məkanları fəaliyyət göstərəcək. Trend-in cümə axşamı verdiyi məlumata görə, bunu Bakıda "Eurovision 2012" müsabiqəsi ilə əlaqədar keçirilən mətbuat konfransında "Eurovision 2012"-nin işçi qrupunun rəhbəri Adil Kərimli deyib.

Onun sözlərinə görə, bunlar müsabiqədə iştirak etmək üçün akkreditasiya olunan iştirakçılar üçün nəzərdə tutulacaq.

Kərimli deyib ki, "Eurovision 2012" mahnı müsabiqəsində iştirak edənlərin təhlükəsizliyinə dövlət tərəfindən zəmanət verilir.

"Azərbaycana gələcək hər bir iştirakçının, o cümlədən Ermənistanın da müsabiqədə iştirakına təhlükəsizlik baxımından zəmanət veriləcək", - Kərimli qeyd edib.

Tədbirdə "Eurovision" mahnı müsabiqəsinin icraçı rəhbəri Yan Ola Sand "Eurovision"a hazırlığın çox yüksək səviyyədə aparıldığını və bütün tədbirlərin vaxtında həyata keçirildiyini söyləyib.

Mətbuat konfransında "Eurovision" mahnı müsabiqəsinin icraedici rəhbəri Yan Ola Sand, "Eurovision" müsabiqəsinin təşkilati məsələlər üzrə rəhbəri Sietse Bakker, "eurovision.tv"nin rəhbəri Yorqan Frank, "Eurovision 2012" mahnı müsabiqəsinin işçi qrupunun rəhbəri Adil Kərimli, müsabiqənin ictimaiyyətlə əlaqələr və kommunikasiya rəhbəri Tahir Məmmədov iştirak ediblər.

Tədbirdə mətbuat nümayəndələrinə Azərbaycan və "Eurovision 2012" ilə bağlı videoçarx nümayiş etdirilib və eurovision.az saytının təqdimatı keçirilib.

Yan Ola Sand tədbiri işıqlandıran jurnalistlərin sayının çox olmasından məmnunluğunu ifadə edib.

"Bu, bizim ev sahibi olan Azərbaycanda keçirdiyimiz ilk mətbuat konfransıdır. Azərbaycan bu müsabiqədə qalib gəldikdən dərhal sonra hazırlıqlara başladıq. Bu cur müsabiqənin bir il müddətində həyata keçirilməsi çox çətindir. Amma bizim bu işə çox vurğun olan komandamız var və bir çox hallarda bu müsabiqənin hazırlığını daha qısa müddətdə həyata keçirmişik. Bu müsabiqə ilə bağlı görüləcək işlər də çoxdur", - o deyib.

Azərbaycan 2011-ci ilin mayında Düsseldorfda keçirilən "Eurovision" müsabiqəsində qələbə çalaraq Avropanın məşhur yarışmasına ev sahibliyi etmək hüququ qazanıb.

May ayının 22-si və 24-də "Eurovision 2012"-nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək. Müsabiqənin qaydalarına əsasən, 5 ölkə - Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və İspaniya, eləcə də ötənilki müsabiqənin qalibi kimi Azərbaycan birbaşa final mərhələsində çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti