...

Bakıda şaxtalı hava şəraiti ilə bağlı yol polisi gücləndirilmiş iş rejimində işləyir

Cəmiyyət Materials 2 Fevral 2012 09:46 (UTC +04:00)
Bakıda hökm sürən anomal hava şəraiti ilə bağlı şəhərin yol polisi gücləndirilmiş iş rejimində işləyir
Bakıda şaxtalı hava şəraiti ilə bağlı yol polisi gücləndirilmiş iş rejimində işləyir

Azərbaycan, Bakı, 2 fevral / Trend müxbir K.Zərbalıyeva/

Bakıda hökm sürən çovğun və şaxtalı hava şəraiti ilə bağlı şəhərin yol polisi gücləndirilmiş iş rejimində işləyir.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, Bakının bütün prospekt və küçə yolları dünən gecədən başlayan qarlı və şaxtalı hava şəraiti ilə bağlı buz bağlayıb. Avtomobillərin hərəkətində problem yaranıb.

Əsədov bildirib ki, yol polisi avtomobillərin hərəkətinin təmini üçün müvafiq tədbirlər görür.

"Bakının enişli-yoxuşlu və sərt yollarında vəziyyət təhlükəlidir", - Əsədov deyib.

Xüsusən, Yasamal rayonu ərazisində, İnşaatçılar prospekti, Bakıxanov körpüsü, Mirəli Qaşqay, Səməd Vurğun, Cəlil Məmmədquluzadə, Bakıxanov küçələrində təhlükəli vəziyyət yaranıb. Bu ərazilərdə yollar buz bağladığından nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Bakı yol polisi sürücüləri şəxsi nəqliyyat vasitəsindən istifadə etməməyə, ictimai nəqliyyatdan istifadəyə üstünlük verməyə çağırıb.

Bakı yol polisi tövsiyə edir ki, qarlı-buzlu hava şəraitində sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına fikir verməlidirlər və mövsümü təkərlərin olması vacib şərtdir. Əyləc sistemindən mümkün qədər istifadə etməməklə sürət qutusunun köməyi ilə avtomobili hərəkətə gətirməlidirlər. Yaxın vuran işıqlardan istifadə edilməlidir.

Qeyd edək ki, dünən axşam saatlarından başlayan şaxtalı hava şəraiti ilə bağlı yollar buz bağladığından, Bakı-Sumqayıt magistralının Biləcəri istiqamətində 30-dan artıq avtomobil sürüşərək bir-birinə dəyib, 2 nəfər yüngül xəsarət alıb.

Dünən axşam saatlarında Bakıda maddi ziyanla nəticələnən 14 yol nəqliyyat hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan daha əvvəl Trend-ə verilən məlumata görə, Bakıda şaxtalı hava şəraiti fevralın 5-ə kimi hökm sürəcək.

Bakıda havanın temperaturunun gecə və gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir.

Fevralın 3-də Bakıda buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi saniyədə 15-20 metr, arabir 23-25 metr sürətilə əsəcək, günün ikinci yarısında saniyədə 9-14 metrədək zəifləyəcək.
Havanın temperaturunun gecə 3-5, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Xəbər lenti

Xəbər lenti