Azərbaycan, Bakı, 9 fevral / Trend müxbir M.Əliyev/
Azərbaycan təhsil və səhiyyə sahəsində Avropa İttifaqı ilə strateji əməkdaşlıq qurmaq niyyətindədir. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.
"Gələcəkdə biz çalışacağıq ki, təhsil və səhiyyə sahəsində Aİ ilə strateji əməkdaşlıq yaradaq. Məqsəd Azərbaycanda təhsilin, səhiyyənin və digər sosial sahələrin inkişafının daha yüksək səviyyəyə çatdırılması üçün Aİ-nin təcrübəsindən istifadə etməkdir", - nazir müavini deyib.
Bakıda cümə axşamı Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində yaradılmış Məşğulluq və sosial məsələlər, ictimai səhiyyə, təlim, təhsil və gənclər, mədəniyyət, informasiya cəmiyyəti və avtovizual siyasət, elm və texnologiya məsələləri üzrə Alt Komitənin iclası öz işinə başlayıb. Tədbir təhsil, mədəniyyət və gənclər bölməsi altında müzakirələr, video-konfrans şəkilində təşkil olunub.
Məmmədquliyev deyib ki, Alt Komitə çərçivəsində ikigünlük iclasda sosial və humanitar sahəni əhatə edən 15 mövzu müzakirə edilir. Onun sözlərinə görə, gələcəkdə daha konkret müzakirələr keçiriləcək.
"Azərbaycan üçün Avropa İttifaqı ilə əməkdaşlıqda ticarət və enerji məsələləri də əhəmiyyətlidir. Lakin Alt Komitə çərçivəsində Azərbaycanın gələcək inkişafı üçün çox əhəmiyyətli olan təhsil və səhiyyə mövzuları var. Bütün sahələrin inkişafında insan iştirak edir və onun təhsili və sağlamlığı inkişafı daha da irəli apara bilər", - o deyib.
Təhsil nazirinin müavini Qulu Novruzov isə jurnalistlərə bildirib ki, Alt Komitə 2009-cu ildə yaradıldıqdan sonra bir neçə dəfə belə iclas keçirmək niyyəti olub. "Lakin Avropa İttifaqında müvafiq struktur dəyişiklikləri və digər səbəblərdən ilk iclas bu gün təşkil edilib", - o deyb.