...

Xocalı soyqırımı ilə əlaqədar respublika sərgi-müsabiqəsi keçiriləcək

Cəmiyyət Materials 10 Fevral 2012 15:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir İ.İsabalayeva/

Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə Xocalı faciəsinin iyirminci ildönümü münasibətilə "Unudulmayan tarix" adlı respublika sərgi-müsabiqəsini elan edir.

Trend-in cümə günü nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, sərgi-müsabiqə Xocalı faciəsi zamanı törədilmiş soyqırımı faktlarının təsviri və dekorativ sənət əsərləri vasitəsi ifadə edilməsi, zaman-zaman xalqımızın başına gətirilən faciələrin, soyqırım faktlarının bədii təcəssümü, eyni zamanda, xalqımızın Azərbaycanın dövlət müstəqilliyinin, ərazi bütövlüyünün qorunması yolunda göstərdiyi mübarizə əzminin nümayişi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi məqsədilə keçirilir.

Sərgi-müsabiqədə iştirak etmək istəyən rəssamlar öz əsərlərini fevralın 20-dək Azərbaycan Rəssamlar İttifaqına təqdim edə bilərlər.

Sərgi-müsabiqəyə təqdim olunan əsərlər yüksək bədii tələblərə cavab verməli, incəsənət əsərləri vasitəsilə Xocalı faciəsi zamanı törədilmiş soyqırımı faktlarını, zaman-zaman xalqımızın başına gətirilən faciələri, soyqırım faktlarını, eyni zamanda, xalqımızın Azərbaycan Respublikasının dövlət müstəqilliyinin, ərazi bütövlüyünün qorunması yolunda göstərdiyi mübarizə əzmini əks etdirməli və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət etməlidir.

2011-ci ilin fevral ayında keçirilmiş sərgi-müsabiqəyə təqdim olunan əsərlər builki müsabiqəyə təkrar təqdim edilə bilməz.

Sərgi-müsabiqəyə təqdim olunacaq əsərlərə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının mütəxəssislərindən və tanınmış rəssamlardan ibarət komissiya tərəfindən baxış keçiriləcək. Qaliblər heykəltəraşlıq, rəngkarlıq, qrafika, dekorativ-tətbiqi sənət və müasir incəsənət (fotoart və videoart) nominasiyaları üzrə mükafatlandırılacaqlar.

Ən yaxşı heykəltəraşlıq əsərinin müəllifi 5 000 manat, ən yaxşı rəngkarlıq əsərinin müəllifi 4 000 manat, ən yaxşı qrafika əsərinin müəllifi 2 500 manat, ən yaxşı dekorativ-tətbiqi sənət əsərinin müəllifi 2 500 manat, ən yaxşı müasir incəsənət (fotoart, videoart) əsərinin müəllifi isə 1 000 manat məbləğində mükafatlandırılacaq.

1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələri Xocalı şəhərinin yeddi minlik əhalisinə qarşı soyqırım aktı həyata keçirib. Bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilib, dinc sakinlərə amansızcasına divan tutulub. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailənin həyatına son qoyulub, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilib, 487 dinc Xocalı sakini ağır yaralanıb və 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil.

Xəbər lenti

Xəbər lenti