...

Azərbaycanda istehlakçıları aldatmaya görə nəzərdə tutulan cəzalar sərtləşdirilib

Cəmiyyət Materials 14 Fevral 2012 17:04 (UTC +04:00)
Azərbaycanda istehlakçıları aldatmaya görə nəzərdə tutulan cəzalar sərtləşdirilib.
Azərbaycanda istehlakçıları aldatmaya görə nəzərdə tutulan cəzalar sərtləşdirilib

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanda istehlakçıları aldatmaya görə nəzərdə tutulan cəzalar sərtləşdirilib.

Trend-in məlumatına görə, Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında Cinayət Məcəlləsinə bununla bağlı təklif olunan dəyişikliklər müzakirə olunub.

Cinayət Məcəlləsinə təklif olunan dəyişikliyə görə, istehklakçıları aldatma 3 min manatdan 5 min manatadək miqdarda cərimə və ya 180 saatdan 240 saatadək ictimai işlərlə cəzalandırılacaq.

İstehlakçıları aldatma dedikdə, malı satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatma başa düşülür.

Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, bu qanun pozuntusuna görə, 100 manatdan 300 manatadək miqdarda cərimə və ya 80 saat ictimai işlər nəzərdə tutulur.

Eyni əməllər təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, külli miqdarda ziyan vurmaqla törədildikdə 5 min manatdan 7 min manatadək cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 6 ayadək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Əvvəl bu qanun pozuntusuna görə 300 manatdan 600 manatadək cərimə tətbiq olunurdu.

Bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurmasına səbəb olduqda 7 min manatdan 9 min manatadək miqdarında cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılma nəzərdə tutulur.

Əvvəl bu qanun pozuntusuna görə 500 manatdan 1000 manatadək cərimə tətbiq olunurdu.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iclasda bildirib ki, iqtisadiyyatın sürətlə inkişaf etdiyi bir şəraitdə sanksiyaların artırılması əhəmiyyətlidir.

"Bu, istehlakçıların hüquqlarının daha təkmil şəkildə qorunmasına şərait yaradacaq", - o deyib.

Müzakirələr zamanı millət vəkili İlyas İsmayılov cərimələrin ödənilməsi məsələsində problemlərin olduğunu vurğulayıb. Onun sözlərinə görə, cərimənin effekti onun sərtliyi ilə deyil, həyata keçirilməsi ilə ölçülür.

Millət vəkili Siyavuş Novruzov isə apteklərdə keyfiyyətsiz dərmanların təhlükəsindən, həmçinin ərzaq məhsullarının standartlara uyğun olmayan şəraitdə satılmasının sağlamlığa olan təhlükəsindən danışıb.

Onun sözlərinə görə, Azərbaycanda bir çox xəstəliklərin yaranma səbəbləri keyfiyyətsiz, vaxtı bitmiş ərzaqlarla bağlıdır.

Novruzov həmçinin qeyd edib ki, brend marka altında Çində və başqa yerlərdə istehsal olunan geyimlər baha qiymətə satılır.

Millət vəkili Əli Məsimli çıxışında bildirib ki, maaşların artırılması elan olunan kimi işbazlar tərəfindən qiymətlər artırılır.

"Bu, süni inflyasiyaya və istehlakçıların aldadılmasına gətirib çıxarıq", - o deyib.

Qanun layihəsi müzakirə edilərək qəbul olunub.

"Cərimələrin artırılması kimlərinsə pul qazanmasına xidmət etməməlidir, istehlakçılarının hüquqlarının müdafiəsinə yönəlməlidir", - millət vəkili Qənirə Paşayeva deyib.

O bildirib ki, Avropa markası altında Azərbaycanda satılan malların hamısı Çində istehsal olunur və bunu edənlər cəzalandırılmalıdır.

"Məhz bunun üçün qanuna müvafiq dəyişiklik edilir. Bəs buna nəzarət etməli olan orqanlar hara baxır? Ona görə də istehlakçıların hüquqlarını qoruyan qurumlar bu qanunu daha dərindən dərk etməlidir", - o deyib.

Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov hazırda Azərbaycanda istehlakçıların aldadılması faktlarının olduğunu deyib. "Məhkəmə təcrübəsinin olmaması bizim hüquqi savadsızlığımızın nəticəsidir. İllərlə anbarlarda saxlanılan malları satışa buraxırlar. 3-5 min manat ziyan çəkən sahibkar üzərində daha böyük məsuliyyət hiss edəcək", - o deyib.

Əsgərov Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətindən narazı olduğunu bildirib və Komitəyə fəaliyyətini daha güclü təşkil etməyi təklif edib.

Xəbər lenti

Xəbər lenti