Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir K.Zərbalıyeva/
DİN və Baş Prokurorluq Bakıda BMT əməkdaşının anasının qətli ilə bağlı birgə məlumat yayıb.
Trend-ə daxil olan məlumata görə, fevralın 17-də saat 19:00 radələrində paytaxtın Binəqədi rayon sakini 74 yaşlı Elmira İsmayılova yaşadığı mənzildə çoxsaylı bıçaq xəsarətləri yetirilməklə qəsdən öldürülüb və mənzilin mətbəxi yandırılıb.
Prokurorluq və daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Natiq Hümbətov müəyyən edilərək tutulub.
İlkin dindirmə zamanı N.Hümbətov cinayəti tamah məqsədi ilə törətdiyini və Elmira İsmayılovanı qətlə yetirdikdən sonra izləri itirmək məqsədi ilə meyitin olduğu mətbəx otağını yandırdığını etiraf etməklə cinayətdə istifadə etdiyi bıçaqı istintaqa təqdim edib.
Fakta görə həmin tarixdə Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.11 (quldurluq ilə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədilən quldurluq) maddələri ilə cinayət işi başlanıb.
Natiq Hümbətov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
DİN və Baş Prokurorluq Bakıda BMT əməkdaşının anasının qətli ilə bağlı birgə məlumat yayıb
Baş Prokurorluq Bakıda BMT əməkdaşının anasının qətli ilə bağlı məlumat yayıb.