...

Təhsil Nazirliyinin "Qaynar xətti"nə daxil olan müraciətlərin sayı açıqlanıb

Cəmiyyət Materials 23 Fevral 2012 16:13 (UTC +04:00)
Bu ilin yanvar ayında Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə (telefon: 146; elektron poçt ünvanı: [email protected]) 1441 müraciət daxil olub.
Təhsil Nazirliyinin "Qaynar xətti"nə daxil olan müraciətlərin sayı açıqlanıb

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir İ.İsabalayeva/

Bu ilin yanvar ayında Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə (telefon: 146; elektron poçt ünvanı: [email protected]) 1441 müraciət daxil olub. Trend-in cümə axşamı nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, müraciətlərin böyük bir qismi sorğu və məlumat xarakterlidir.

Sorğular ümumtəhsil məktəblərinin IX və XI siniflərində sınaq imtahanları, müəllimlərin işə qəbulu, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili, xaricdə təhsil, təhsil sənədlərinin tanınması, xaricdə təhsil alan tələbələrin ölkəmizin təhsil müəssisələrinə köçürülməsi, təhsil müəssisələrində adambaşına maliyyələşmə mexanizminin tətbiqi, özəl ali təhsil müəssisələrində tələbələrin biliyinin kredit sistemi üzrə qiymətləndirilməsi, ali və orta ixtisas təhsili müəssisələrində sessiya imtahanlarının təşkili formaları, dövlət vəsaiti hesabına təhsil alan tələbələrin təqaüdlə təmin olunması qaydaları, məktəbli geyimi, pedaqoji işçilərin dərs yükü ilə təminatı, müəllimlərin əməkhaqlarının hesablanması, təhsil sənədlərinin verilməsi və digər məsələlərlə bağlı olub.

Şikayət xarakterli müraciətlərin ümumi sayı 71 olub. Həmin müraciətlər ümumi təhsil, texniki peşə, orta ixtisas və ali təhsil müəssisələrindəki problemlərlə əlaqədardır.

Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələri ilə bağlı 39 şikayət daxil olub. Belə ki, ötən ay "Qaynar xətt" xidmətinə Bakı (14), Gəncə (3), Sumqayıt (1) və Şirvan (1) şəhərlərindən, Abşeron, Ağdam, Cəlilabad, Ağcabədi, Şəki rayonlarından 2, Göygöl, Şəmkir, Yardımlı, Lənkəran, Samux, Şamaxı, İmişli, Tovuz, Biləsuvar, Bərdə rayonlarının hər birindən 1 şikayət daxil olub. Həmin şikayətlərin əksəriyyətində tədris müəssisələrinin istilik sistemlərindəki problemlər, məktəblərdə texniki avadanlıqlar üçün pul yığılması və digər bu kimi məsələlər öz əksini tapıb.

Təhsil nazirinin "Ali və orta ixtisas təhsili müəssisələrində 2011-2012-ci tədris ilinin qış imtahan sessiyasının təşkili və keçirilməsi haqqında" əmrinin icrası ilə bağlı "Qaynar xətt" xidmətinə daxil olan müraciətlərin operativ şəkildə araşdırılması təmin olunub. Həmin müraciətlərin araşdırılması ali və orta ixtisas təhsili müəssisələrində tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etməyə, yarana biləcək neqativ halları aradan qaldırmağa və digər müvafiq tədbirlərin həyata keçirilməsinə kömək edib.

2011-2012-ci tədris ilinin qış imtahan sessiyası dövründə "Qaynar xətt" xidmətinə ali və orta ixtisas təhsili müəssisələrindən daxil olan 200-dən artıq müraciətin çoxu sorğu xarakterlidir. Şikayət və nöqsanlardan bəhs edilən 32 müraciətdən 22-si dövlət, 4-ü özəl ali, 6-sı isə orta ixtisas təhsili müəssisələri ilə əlaqədardır.

Xəbər lenti

Xəbər lenti